Qalib Toğrul: “Dünyanın 52 ölkəsində Qubad İbadoğlu ilə bağlı aksiyalar keçirilir”
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri, iqtisadçı alim Qubad İbadoğlu 52-ci doğum gününü Bakı İstintaq Təcridxanasında keçirir. İqtisadçının qardaşı Qalib Toğrul Abzas Media-ya deyib ki, yaxınları doğum günündə Qubad İbadoğlunun yanında ola bilməyəcəklər, çünki onlara həftədə 1 dəfə, şənbə günü görüş verilir.
Onun sözlərinə görə, 52 gündür həbsdə olan Qubad İbadoğlunun səhhətində probemlər hələ də qalır:
“Sağlamlığı ilə bağlı problemləri var. Son görüşdə hiss edirdim ki, əsəb gərginliyi də keçirir. Avropa Məhkəməsi Qubad müəllimin səhhətinə görə hökumətə təcili suallar göndərib, hökumət də 87 səhifəlik cavab verib. Cavabda Qubad bəyin səhhətilə bağlı həqiqi göstəricilərin demək olar ki, hamısı saxtalaşdırılıb, səhhəti ilə bağlı saxtalaşdırılmış sənədlər göndərilib”.
Qalib Toğrul deyir ki, qardaşının doğum günü münasibətilə dünyanın 52 şəhərində 52 aksiya kampaniyası keçirilir.
“Artıq bu kampaniya dünəndən başlayıb. Nəzərdə tutulur ki, bu gün Türkiyədə, Amerikada, Almaniyada, Belçikada və digər ölkələrdə də aksiyalar keçirilsin. Mən aksiyadan gələn şəkilləri sosial şəbəkələrdə ictimailəşdirirəm. Bundan başqa, bəzi beynəlxalq təşkilatlar da öz təşəbbüslərilə aksiyalar keçirirlər”.
Qubad İbadoğlunu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. DİN-in yaydığı məlumata əsasən, az əvvəl FETÖ ilə əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan dörd nəfərdən birinin İbadoğlu ilə əlaqələri müəyyən edilib və bu da onun istintaqa cəlb edilməsinə səbəb olub.
Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. İyulun 24-də Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.
Avqustun 25-də Q. İbadoğluna əlavə ittiham verilib. O, Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə ittiham olunur.
Q.İbadoğlu verilmiş ittihamla özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır.
Sentyabrın 5-də Avropa İnsan Haqları Məhkəməsi 39-cu qaydanı əsas tutaraq Qubad İbadoğlunun işinə dərhal baxılması haqda qərar verib və Azərbaycan hökumətinə suallar göndərib.