Azərbaycan Qarabağ ermənilərilə Yevlaxda görüşməyə hazır olduğunu deyir
Azərbaycan Prezident Administrasiyası Qarabağda yaşayan ermənilərlə Yevlaxda görüşməyə hazır olduğunu açıqlayıb. Administrasiyanın yaydığı bəyanatda hərbi əməliyyatların dayandırılması üçün Azərbaycanın şərtləri də açıqlanıb.
“Prezident Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək” – deyə bəyanatda qeyd olunub.
Bundan əvvəl Qarabağdakı qeyri-leqal hökumət Azərbaycanı “antiterror” tədbirlərini dayandırmağa və danışıqlar masası arxasına əyləşməyə çağırıb.
Sentyabrın 19-da gecə Daxili İşlər Naziliyinin 4, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin isə 2 əməkdaşı Qarabağda minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin başlatdığı cinayət işində isə hər iki hadisə “terror aktı” kimi təsnif edilib.
Rəsmi məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrində əvvəlcə AAYDA-nın iki əməkdaşının - Fərhad Quliyev və Samir Sadıxovun olduğu avtomobil minaya düşüb və onlar həlak olublar.
Daha sonra polis əməkdaşları həmin əraziyə gəldikləri zaman onların da avtomobili minaya düşüb.
Bundan sonra Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli “antiterror” tədbirlərinə başlanılıb.
Qarabağda tanınmamış “respublikanın rəsmiləri” Azərbaycanın iddialarını rədd edib və atəşkəs rejimini onların deyil, Azərbaycanın pozduğunu bildirib.
Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb ki, onların Qarabağda silahlı qüvvələri yoxdur.