İki aydır Söyüdlüdə monitorinq aparan Britaniya şirkəti nəticələrlə bağlı hesabatı hökumətə təqdim edib
Gədəbəyin Söyüdlü kəndində yerləşən qızıl zavodunun ərazisindəki 3 quyu suyunda sianid aşkarlanıb. Məlumatı bu gün Nazirlər Kabinetinin iclasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev verib.
Böyük Britaniyanın “Micon” International Co Limited şirkəti 2 ay müddətində Söyüdlüdə keçirdiyi monitorinqlərin nəticələrinə dair hesabat hazırlayıb.
İclasda müzakirə olunan hesabatda bildirilib ki, şirkət Gədəbəy və Mis çaylarından su, torpaq nümunələri götürüb, atmosfer havasında zərərli qazların, eləcə də toz hissəciklərinin konsentrasiyası, radiasiya fonu və səs-küyün səviyyəsini ölçüb.
"Monitorinq zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb.
Qeyd olunan göstəricilər yol verilə bilən qatılıq həddindən dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər",- Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilib.
Nümunələrin təhlillərinə əsasən, su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb, lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmaması müəyyənləşdirilib.
Bildirilib ki, torpaq nümunələrində bir sıra göstəricilərin miqdarı yol verilə bilən qatılıq həddindən çox olub. “Micon” şirkəti bunu regionun filizləşmə xüsusiyyətləri və tarixi mədənçiliyin mövcudluğu ilə izah edib.
“Micon” şirkəti ərazidə çalışan “Azərbaycan Beynəlxalq Mədən Şirkəti”nin (AIMC) 2016-cı ildə hazırlanmış sianidin idarəedilməsi planı ilə işlədiyini və bunun yenilənməsinə ehtiyac olduğunu bildirib.
İclasda "Azərbaycan Beynəlxalq Mədən Şirkəti” qarşısında insan sağlamlığına, texnogen təhlükəsizliyə, istehsalatın modernləşdirilməsinə aid bir sıra tələblərin qoyulduğu və tövsiyələrin verildiyi qeyd olunub.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Mədən Şirkəti" kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Rəsmi şəxslər aksiyadan sonra 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin həbs olunduğunu açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.
DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, sonradan cəzalandırılan polisin olmadığını açıqlayıb.
11 iyulda ölkə başçısı İlham Əliyev də hökumət üzvləri ilə keçirdiyi müşavirədə Söyüdlüdə baş verən hadisələrdən danışıb. O bildirib ki, etirazlarda özünü ləyaqətli aparan təkcə polislər olub və onlar dözümlü davranıblar.
4 sentyabrda kənd sakinləri məlumat veriblər ki, qızıl şirkətinin fəaliyyəti bərpa olunub. Amma kəndin girişindəki polis postu hələ də götürülməyib.