Kənd sakininin sözlərinə görə, hazırda Söyüdlüdəki qızıl yatağında iş davam edir, amma ağır qoxu azalıb
Gədəbəyin Söyüdlü kəndinin girişində iyunun 22-də qurulan polis postu hələ də yığışdırılmayıb. Bu barədə kənd sakini Məysərət Yusifova Abzas Media-ya məlumat verib.
M.Yusifova deyib ki, uzun müddətdir kəndə gölün yoxlanılması üçün heç bir komissiya gəlmir.
“Onlar stol davası edirlər. Gölün davasını çəkən yoxdur. Bir ay gəlib getdilər. İndi heç kim yoxdur. Zavod da işləyir. Müvəqqəti dayandırmışdılar. Axşam olanda gölə su da buraxırlar. Amma traktor filan işləmir. Orada təpədə nəzarətçi dayanır. Bir gün dedilər 2-3 maşın gəlib işləyir. Gölün hər tərəfinə tikanlı məftillər çəkiblər. Mal-qaranın arxasınca axşamlar gedəndə görürəm”.
M.Yusifova deyir ki, zavod işləsə də, kənddə həmişə hiss edilən ağır qoxu xeyli azalıb.
Söyüdlü sakininin sözlərinə görə, onlara kəndə giriş-çıxışda heç bir problem yaratmırlar, sənədləri də yoxlanılmır.
“Deyəsən, elə jurnalistləri kəndə buraxmaq istəmirlər. Gəlib çəkib göstərərlər, camaatı sorğu-sual edərlər deyə. Axırıncı dəfə sizin jurnalist gələndən sonra camaatı yığıb apardılar, hamısını incitdilər, hədə-qorxu gəldilər ki, niyə elə müsahibə vermisən? Mən də dedim ki, olan şeyləri danışıblar, nəyi səhv deyiblər ki? Mənim qardaşıma deyiblər ki, bacına acıqlan. Dedim, əcəb etmişəm, camaatı niyə qırırlar?!”, - deyə o bildirib.
M.Yusifova onlara postun nə vaxt götürüləcəyi barədə heç bir məlumatın verilmədiyini deyir.
“Heç bir şeyi yığışdırmayıblar. Deyirlər, burada prezidentin davası gedirdi, ya gölün? Hər şeyi başqa yönə fırladırlar. Biz gölün davasını edirdik ki, ikinci göl tikilməsin. Kəndin suyu yoxdur, su çəkilsin. Uşaqları yalandan aparıb guya narkotik satırlar adı ilə tutdular. Yollarımızı o tutulan uşaqlar düzəldiblər, işıqları onlar çəkdiriblər. Qəbiristanlığımızın dörd bir yanını onlar düzəldiblər. Bunlar necə terrorçu oldular? Onlara terrorçu deyirlərsə, gör, bizə nə deyirlər indi. O tutulanları buraxsınlar. Beşini buraxıblar, beşi hələ də həbsdədir”.
Söyüdlü sakini bildirib ki, həbs edilənlərin ailələri danışmamaları üçün hədələniblər.
“Onları qorxutdular. Heç görüş də vermirdilər. Yenicə icazə veriblər ki, gedib görsünlər. Hələ heç nə demirlər əlavə. Bir şey bilmirik. Bizi də danışan kimi tuturlar”.
M.Yusifova kənddə su probleminin hələ də davam etdiyini də bildirib.
“Bələdiyyəmizin qapısındakı suya tamahım düşüb. Oradan heç olmasa bir az mənim qapıma su çəksinlər. Mənim qapıma olmasa da, kəndin mərkəzinə çəksinlər. Suyumuz yoxdur”.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev Abzas Media-ya bildirib ki, Söyüdlü kəndinin girişində polis postunun nə vaxt yığışdırılacağı ilə bağlı məlumatı yoxdur.
Göldə monitorinqlərin aparılması üçün komissiyanın fəaliyyəti ilə bağlı Nazirlər Kabinetindən heç bir məlumat almaq mümkün olmayıb.
12 iyulda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mətbuata açıqlamasında bildirib ki, Söyüdlüdə qızıl çıxaran "Anglo Asian Mining" şirkətinin fəaliyyyəti müvəqqəti dayandırılıb.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Rəsmi şəxslər aksiyadan sonra 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin həbs olunduğunu açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.
DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, sonradan cəzalandırılan polisin olmadığını açıqlayıb.
11 iyulda ölkə başçısı İlham Əliyev də hökumət üzvləri ilə keçirdiyi müşavirədə Söyüdlüdə baş verən hadisələrdən danışıb. O bildirib ki, etirazlarda özünü ləyaqətli aparan təkcə polislər olub və onlar dözümlü davranıblar.