Hələlik Azərbaycan ordusunun itkilərilə bağlı rəsmi məlumat yoxdur
“Azərbaycanın Qarabağ bölgəsində apardığı 24 saatlıq antiterror əməliyyatları zamanı ən azı 75 hərbi qulluqçu həlak olub”.
Bu məlumatı Xəzər Hərbi Tədqiqatlar İnstitutu yayıb. Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycan ordusunun 125 hərbçisinin yaralandığı barədə məlumatlar var.
“Erməni tərəfinin hərbi itkiləri isə ən azı 115 nəfər təşkil edir. 350 nəfər yaralanıb”, – deyə institutun məlumatında bildirilir.
Sentyabrın 20-də Qarabağdakı tanınmamış “hökumətin” ombudsmanı Geqam Stepanyan açıqlayıb ki, son döyüşlərdə onlar tərəfdən ümumilikdə 200-ə qədər insan həyatını itirib: “400-dən çox yaralı var. Mülki əhali arasında da 40 nəfər yaralı var ki, onlardan 13-ü uşaqdır. 5-i uşaq olmaqla, 10 nəfər mülki şəxs həlak olub”, – deyə o, bildirib.
Azərbaycan Müdafiə Nazirliyi isə Qarabağda heç bir mülki infrastrukturun vurulmadığını və sivil şəxslərin hədəfə alınmadığını deyir: “Ordu ancaq hərbi hədəfləri vurur”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.
Ancaq Müdafiə Nazirliyi Azərbaycanın nə qədər itki verməsilə bağlı sualları cavablandırmayıb.
Sentyabrın 19-da gecə Daxili İşlər Naziliyinin 4, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin isə 2 əməkdaşı Qarabağda minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin başlatdığı cinayət işində isə hər iki hadisə “terror aktı” kimi təsnif edilib.
Bundan sonra Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli “antiterror tədbirlərinə” başlanılıb.
Qarabağda tanınmamış “respublikanın rəsmiləri” Azərbaycanın iddialarını rədd edib və atəşkəs rejimini onların deyil, Azərbaycanın pozduğunu bildirib.
Sentyabrın 20-də tərəflər hərbi əməliyyatların dayandırılması və bir gün sonra Yevlaxda görüşməklə bağlı razılığa gəliblər.
Bu gün Yevlaxda tərəflərin görüşü baş tutub.