ATƏT-in seçki ilə bağlı aralıq hesabatı: “Son üç ayda çox sayda jurnalist həbs edilib”

ATƏT-in seçki ilə bağlı aralıq hesabatı: “Son üç ayda çox sayda jurnalist həbs edilib” Foto: Azadlıq Radiosu
31 Yanvar 2024
Mətni dəyiş

Hesabatda “Media haqqında” və “Siyasi partiyalar haqqında” yeni qanunların məhdudlaşdırıcı olması vurğulanıb

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyası növbədənkənar prezident seçkisilə bağlı aralıq hesabatını yayımlayıb.

Abzas Media-nın məlumatına görə, 29 dekabr 2023 – 19 yanvar 2024 aralığını əhatə edən hesabatda seçki prosesinə təsir edən bir sıra pozuntular qeyd olunub.

Bildirilib ki, ATƏT-in seçkilərlə bağlı əvvəlki tövsiyələri nəzərə alınmayıb və ümumilikdə seçki kampaniyası zəif keçir:

“Hazırkı prezidentlə bərabər bu seçkiyə qatılan digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib”, – deyə hesabatda qeyd olunub.

Bildirilib ki, “Media haqqında” və “Siyasi partiyalar haqqında” qəbul olunan iki yeni qanunun ifadə və birləşmək azadlıqları üçün mühiti daha da məhdudlaşdırıb.

Bununla bərabər, ölkədə çoxsaylı jurnalist və siyasətçi həbs olunub:

“Son üç ayda bir sıra onlayn media orqanlarının jurnalistləri və rəhbərləri ilə bağlı çoxsaylı saxlanma və həbslər baş verib. Yeni media qanununun məhdudlaşdırıcı mahiyyəti, medianın xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi və bir neçə mühüm tənqidi media saytlarının ölkə hüdudlarında bloklanması bir sıra DTİHB SMM həmsöhbətlərində narahatlıq doğurur”, – hesabatda deyilir.

Qeyd olunub ki, ATƏT nümayəndələrinin həmsöhbətləri seçki müşahidə işlərində hüquqi manelərin olduğunu bildiriblər. Eyni zamanda, məhkəmələrin müstəqilliyinə etibar etmədiklərini vurğulayıblar.

Ötən il dekabrın 7-də ölkə başçısı İlham Əliyev növbədənkənar prezident seçkisinin keçirilməsilə bağlı sərəncam verib. Seçki 2024-cü ilin 7 fevralına təyin olunub.

Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Respublikaçı Alternativ Partiyası (REAL) seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar.

Prezidentlik uğrunda isə hazırkı prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və bitərəf namizəd Fuad Əliyev mübarizə aparır.

Ancaq televiziya debatlarında namizədlərin demək olar hamısı hazırkı prezidenti təqdir edən fikirlər səsləndirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun