Araşdırmaçı jurnalist hökumət mediasından onu nüfuzdan salan məlumatların təkzibini tələb edir
“Abzas Media” işi üzrə həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı onu nüfuzdan salan məlumatların təkzibini tələb edir və bu tələbin yerinə yetirilməsi üçün hökumətyönlü mediaya vaxt verib.
Dekabrın 28-də “qafqazainfo.az” xəbər saytı “Hafiz Babalı işində yeni detallar” başlıqlı yazı dərc edib. Yazıda heç bir yeni detal olmasa da, jurnalist beynəlxalq qrant təşkilatları ilə işləməkdə ittiham olunub. Bundan sonra ikisahil.az saytı, ATV telekanalı və digər KİV-lər də bu məlumatı tirajlayıblar.
Jurnalist deyir ki, qeyd olunan materiallarda adları çəkilən təşkilatlarla hər hansı birbaşa və ya dolayı əlaqəsi yoxdur və olmayıb:
“Mən nə həmin, nə də digər beynəlxaq, yaxud yerli təşkilatlardan, həmçinin fərdlərdən sifariş almamışam, heç bir sifarişli araşdırma apararaq, yazılar yazmamışam. Müəllifi olduğum heç bir araşdırma materialı üzrə indiyə qədər məhkəməyə verilməmişəm, hər hansı məlumatımın təkzib edilməsi tələb olunmayıb.
Mənim barəmdə tamamilə yalan və böhtan xarakterli, həqiqətlə heç bir əlaqəsi olmayan və mənim araşdırmaçı jurnalist kimi işgüzar nüfuzuma xələl gətirməyi və ictimaiyyət qarşısında məni gözdən salmağı hədəfləyən materialları qətiyyətlə təkzib edirəm”, - jurnalist təcridxadan “Turan”a göndərdiyi bəyənatında qeyd edib.
Hafiz Babalı 7 iş günü ərzində həmin materialların yığışdırılmasını və eyni həcmdə, eyni saatda və eyni şəraitdə təkzib verilməsini tələb edir. Əks halda o, hüquqi tədbirlərin görülməsi üçün addımlar atacağını bildirir.
Araşdırmaçı jurnalist Hafiz Babalı ötən il dekabrın 13-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bundan əvvəl noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova saxlanılıb. Onlara qarşı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri, xüsusən də “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.