2022-ci ildə başladılan araşdırma yekunlaşmayıb və yenidən aktivləşdirilib
Yanvarın 23-də ictimai fəal Əhməd Məmmədli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib.
Bu barədə Abzas Media-ya Ə.Məmmədli özü məlumat verib.
İctimai fəal bildirib ki, 2022-ci ildə ona qarşı “saxta sənəd” işi üzrə ittihamlar olub və bu iş üzrə əvvəllər də ifadə verib:
“Mən Muğla Sıtkı Koçman Universitetinə qəbul olunmuşdum, ancaq Türkiyəyə getməzdən bir neçə gün əvvəl həbs olunduğum üçün oxumağa gedə bilmədim.
Həmin vaxt sözügedən universitetə qəbul olunmağımla bağlı sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinə (SHXÇDK) təqdim etmişdim. Elə o vaxt komitə təqdim edilən sənədləri saxta hesab edib və Cəlilabad rayon prokurorluğuna müraciət etdi” – o bildirib.
Ə.Məmmədli deyir ki, o, prokurorluqda 2 dəfə ifadə verdikdən sonra məsələ dayanıb:
“Amma dünən mənə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən zəng vurub dedilər ki, işi onlar aparacaqlar və idarəyə çağırdılar. Mən şahid qismində dindirildim, ancaq şifahi formada dedilər ki, bu iş üzrə şübhəli şəxs sayılıram. İmza nümunələrimi götürdülər, ekspertizaya göndərəcəklərini dedilər.
Mən heç bir saxta sənəd təqdim etməmişəm. Məsələnin 2022-dən sonra yenidən aktivləşməsi sadəcə ölkədəki son həbslərlə və hökümətin Qərblə münasibətlərin gərginləşməsi ilə bağlıdır” – Əhməd Məmmədli bildirib.