İşçi hüquqlarının müdafiəçisi 3 il azadlıqdan məhrum edilib

İşçi hüquqlarının müdafiəçisi 3 il azadlıqdan məhrum edilib Foto: Sosial Media
31 Yanvar 2024
Mətni dəyiş

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasından 3 nəfər hazırda həbsdədir

 

Yanvarın 31-də “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev 3 il azadlıqdan məhrum edilib.

Abzas Media xəbər verir ki bu barədə qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyev çıxarıb. Bundan əvvəl iş üzrə çıxış edən dövlət ittihamçısı ictimai fəala 7 il həbs cəzası istəyib.

Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunurdu. Sonradan bu maddə 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edilib.

Bu il avqustun 1-də kuryerlərin etiraz aksiyasından sonra “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasında və Kuryer Birliyi Həmkarlar İttifaqında həbslər başlayıb. İlk olaraq “İşçi Masası”nın sədri Afiəddin Məmmədov 30 sutka inzibati həbs cəzası alıb.

Avqustun 4-də Elvin Mustafayev, avqustun 10-da “İşçi Masası”nın İdarə Heyətinin üzvü Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar. İnzibati həbsdən çıxan Afiəddin Məmmədov bir müddət sonra tanımadığı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunaraq yenidən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub.

Fəallar ittihamların qurama olduğunu və ictimai fəaliyyətlərinə görə şərlənərək həbs edildiklərini bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun