Ölkə başçısı niyə müstəqil jurnalistlərə müsahibə vermir?

Ölkə başçısı niyə müstəqil jurnalistlərə müsahibə vermir? Foto: Prezident az
26 Yanvar 2024
Mətni dəyiş

Aynur Elgünəş: “Əliyev hesab edir ki, özünü müstəqil adlandıranın yeri həbsxanadır”

Prezident İlham Əliyev son illərdə ənənəvi olaraq il ərzində bir neçə dəfə yerli media nümayəndələrinə müsahibə verir.

Beynəlxalq münasibətlərdən, enerji və infrastruktur məsələlərindən bəhs edilən müsahibələrdə əsasən, Azərbaycan Televiziyasının (AzTV) rəhbəri Rövşən Məmmədov və “Real” TV rəhbəri Mirşahin Ağayevin öncüllük etdiyi jurnalistlər qrupu iştirak edir. Verilən bütün suallar isə “hökumətin uğurlu daxili və xarici siyasəti, dünyanın buna paxıllıq etməsi” kontekstində olur.

Bəs görəsən, prezidentin yerli media nümayəndələri ilə görüşlərində niyə heç vaxt müstəqil jurnalistlər iştirak etmir?

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, prezidentin müsahibələri ənənəvi olaraq həmişə seçilmiş jurnalistlərlə təşkil olunur. Onun sözlərinə görə, bunlar əsasən hökumətyönlü və dövlət orqanlarının jurnalistləri olur.

“Prezident istəmədiyi, xoşuna gəlməyən suallara cavab vermək istəmir. Bu, aydındır. Məsələn, sonuncu müsahibədə sosial-iqtisadi vəziyyətlə bağlı heç bir sual verilmədi. Bu da o deməkdir ki, bu məsələ ilə bağlı hər hansısa müzakirə açmaq istəyi yoxdur. Bu, həm də onunla bağlıdır ki, sosial-iqtisadi sahədə ciddi problemlər var

Təkcə prezident yox, demək olar ki, bütün dövlət orqanları bu üsulla işləyir. Onlar ancaq özləri istədikləri suallara cavab vermək istəyirlər”, – M.Əliyev bildirir.

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli deyir ki, İlham Əliyevin müsahibələrinə müstəqil jurnalistlərin dəvət olunmaması hökumətin apardığı siyasətə uyğundur. Onun sözlərinə görə, müstəqil medianın informasiyaya çıxışı həmişə məhdudlaşdırılır:

“Mətbuat konfranslarına buraxılmırlar, səfərlərə aparılmırlar, sorğularına cavab verilmir… Belə bir şəraitdə onlar niyə prezidentlə görüşə buraxılmalıdır? Daim basqı altında olan, korrupsiyadan, problemlərdən yazan jurnalistin suallarının kəskin olacağı şəksizdir. Müsahibəni təşkil edənlər özlərinə əlavə problem yaratmamaq üçün belələrini görüşdə görmək istəməz”, – deyə o bildirib.

R.Hacıbəyli hesab edir ki, prezidentin jurnalistlərlə bu görüşləri qabaqcadan planlaşdırılır, hətta hökumətyönlü medianın içindən də müsahibə üçün seçilənlər saf-çürük edilir.

O düşünür ki, müsahibədə iştirak edəcək jurnalistlər ya sualları hazırlayıb razılıq verilməsi üçün Prezident Administrasiyasına təqdim edir, ya da Administrasiya sualları hazır şəkildə jurnalistlərə göndərir.

“Bu baxımdan müstəqil medianın, ya jurnalistin o müsahibədə iştirakı arzuolunmazdır və mümkünsüzdür. Çəkinəcək suallar isə çoxdur: korrupsiya, rüşvətxorluq, bir əlin idarəçiliyi, jurnalistlərin və siyasi fəalların qanunsuz həbsi, Qarabağda aparılan işlərdə şəffaflığın olmaması, büdcə vəsaitinin tendersiz xərclənməsi... Saysız suallar var”, – detə R.Hacıbəyli bildirib.

Meydan TV-nin redaktoru Aynur Elgünəş deyir ki, nəinki müsahibələrə müstəqil jurnalistlər dəvət edilmir, hətta dəvət edilən jurnalistlər də istədikləri sualları verə bilmirlər:

“İlham Əliyev üçün müstəqil anlayışı yoxdur. Ancaq ona tabe olmaq mümkündür. Buna görə də hesab edir ki, özünü müstəqil adlandıranın yeri həbsxanadır. Son aylarda buna daha çox şahid olduq. Ümumiyyətlə, nəinki onun görüşünə müstəqil medianı dəvət edərlər, heç çağırdıqları da istədiyi sualı verə bilməz. Öncədən PA-dan hazır sual gəlməlidir. Səbəb sadədir, özgüvən problemləri var, şəffaf işləmirlər və sorğulanmaqdan qorxurlar”, – deyə o qeyd edib.

 

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun