“Dəyişiklik yəqin seçki zamanı izləmə, çəkiliş məsələlərini reyestrdəki medialarla məhdudlaşdırmaq üçündür”
Azərbaycan parlamenti növbədənkənar prezident seçkisinə 19 gün qalmış Seçki Məcəlləsində dəyişikliklərə hazırlaşır.
Abzas Media-nın məlumatına görə, məcəllədəki “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz olunur.
Media nümayəndələri düşünür ki, hökumət seçkilərdə müstəqil medianı prosesdən kənarda saxlamaq istədiyi üçün tələsik şəkildə Məcəlləyə dəyişiklik edir. Belə ki, Seçki Məcəlləsində “media subyekti” yazılması seçkidə yeni “Media haqqında” Qanunun tətbiq ediləcəyi, Media Reyestrindən keçməyən jurnalistlərin isə dairə və məntəqələrə buraxılmayacağı təəssüratını yaradır.
Media hüququ üzrə ekspert Xalid Ağəliyev deyir ki, Seçki Məcəlləsindəki dəyişikliklər texniki mahiyyət daşıyır, ancaq tələm-tələsik qanun dəyişikliyi bu məsələ ilə bağlı müxtəlif ehtimallar yaradır:
“Yeni media qanunu onsuz da reyestrdə olmayanlara kifayət qədər əngəllər yaradır. O cümlədən, seçkilər zamanı məlumat toplamaqda. Belə tələm-tələsik dəyişiklik edilməsi yəqin onunla bağlıdır ki, seçki zamanı izləmə, çəkiliş məsələlərini reyestrdəki medialarla məhdudlaşdırsınlar. Yəni, reyestrdə varsansa, rahat çəkiliş edə biləcəksən, yoxsansa, edə bilməyəcəksən”, – deyə o bildirib.
Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, əgər reyestrdən keçməyən media nümayəndələrinə əngəllər yaradılacaqsa, bu, qanun pozuntusu olacaq:
“Media subyekti kimi mövcud olanların fəaliyyətini rəsmi dayandırmayıblarsa, onlara problem çıxarılması mümkün deyil və olsa da qanunsuz davranış olacaq. Subyekt kimi tanımadıqlarını gərək məhkəmə qaydasında bağlasınlar.
Praktiki olaraq əngəl yaratmağa cəhd edə bilərlər. Amma seçkini sadəcə media müşahidə etmir ki, müşahidəçilər də edir”, – deyə hüquqşünas qeyd edib.
Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) ilə əlaqə yaratmaq istəsək də, nə mətbuat xidmətindən, nə də daxili nömrələrdən zənglərimizə cavab verən olub.
7 dekabr 2023-cü ildə ölkə başçısı İlham Əliyev 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkisi keçirilməsilə bağlı sərəncam imzalayıb. Seçkidə 7 şəxsin namizədliyi qeydə alınıb. Bunlar aşağıdakılardır:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Bir neçə namizəd isə bildirib ki, namizədlik prosesinin ədalətsiz keçməsi səbəbindən qanunla nəzərdə tutulan imza sayını toplaya bilməyiblər. Onlar imza vərəqələrini MSK-ya təqdim edə bilmədiklərinə görə namizədlikləri qeydə alınmayıb.