"Transparency International" beynəlxalq şəffaflıq təşkilatı illik Korrupsiyanı Qavrama İndeksini (CPI) paylaşıb.
Azərbaycan 180 ölkə arasında 23 balla 154-cü olub.
İndeks ekspertlərin, biznes adamlarının dövlət sektorunda korrupsiyanın səviyyəsini necə görməsinin göstəricisidir.
İndeksdə 100 bal dövlət sektorunda korrupsiyanın olmadığını, 0 bal isə korrupsiya səviyyəsinin çox yüksək olduğunu göstərir.
2023-cü ildə Azərbaycan 23 balla 157-ci, 2022-ci ildə isə 30 balla 128-ci yeri tutulmuşdu. Ötənilki göstərici antirekord sayılırdı.
Hər ölkənin göstəricisi ən azı üç mənbə, korrupsiya probleminə həsr olunmuş 13 sorğu və araşdırma əsasında müəyyən edilir. Bu məlumatların toplanması Dünya Bankı və Dünya İqtisadi Forumu da daxil olmaqla, bir sıra nüfuzlu təşkilatlar tərəfindən həyata keçirilir.
İndeksin hazırlanmasında istifadə olunan mənbələrdə dövlət sektorunda korrupsiyanın rüşvətxorluq, büdcə vəsaitlərindən təyinatı üzrə istifadə olunmaması, nəticələrdən qorxmadan şəxsi mənfəət əldə etmək üçün dövlət vəzifəsindən istifadə edən məmurların üstünlük təşkil etməsi, hökumətin dövlət sektorundakı korrupsiyanın qabağını almaq bacarığı, dövlət sektorunda korrupsiya üçün əlavə imkanlar yarada bilən həddindən artıq bürokratikləşmə, rüşvət və korrupsiya barədə məlumat verən şəxslər üçün hüquqi müdafiə, ictimai-siyasi problemlər və hökumətin fəaliyyəti barədə məlumat əldə etmək və sairə təzahürləri nəzərdən keçirilir.
Azərbaycan Tacikistan (20 balla 162-ci yer) və Türkmənistanla (18 balla 170-ci yer) birlikdə regionda korrupsiya indeksi ən aşağı ölkələr sayılıb.
Korrupsiyalaşmamış ölkələr arasında Danimarka, Finlandiya, Yeni Zelandiya, Norveç, Sinqapur, İsveç, İsveçrə, Niderland, Almaniya, Lüksemburq var.
Danimarka (90) artıq altıncı ildir indeksin başındadır. Bu ölkələr yaxşı işləyən məhkəmə sistemlərinə görə "Hüququn aliliyi" indeksində də ön yerləri tuturlar.
Ən çox korrupsiyalaşmış ölkələr isə Somali, Venesuela, Suriya, Cənubi Sudan, Yəmən, Şimali Koreya, Nikaraqua, Haiti, Qvineya, Türkmənistan qeyd edilib.
Ermənistan 47 balla 62-ci, Gürcüstan 53 balla 49-cu, İran 24 balla 149-cu, Türkiyə 34 balla 115-ci, Rusiya 26 balla 141-ci yeri tutub.