Əhsən Nuruzadənin həyat yoldaşı onun ilk həbsi dövründə xərçəng xəstəliyindən vəfat edib, hazırda isə anası ağır xəstədir
Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, 7 illik həbsdən sonra azadlığa buraxılan Əhsən Nuruzadə 20 gün keçməmiş yenidən saxlanılıb.
Bu barədə məlumatı hərəkat yayıb. Bildirilib ki, inanclı fəal oktyabrın 26-da qızını qarşılamaq üçün universitetə gedəndə elə övladının gözü qarşısında zorakılıqla saxlanılıb.
Əhsən Nuruzadənin ailəsi də baş verənləri “Meydan TV”yə təsdiqləyib.
“Dörd nəfər mülki geyimli hücum edib, onu zorla götürüb aparıb. Qızı da bütün bunları görüb. Onsuz da bu uşaqlar 7 il atasızlıq çəkmişdilər. Əhsəni şərləyib, 7 il heç nədən həbsdə saxlayıb, uşaqlarını onun üzünə həsrət qoydular. Bu müddətdə o uşaqlar analarını da itirdilər. Gənc anaları xərçəng xəstəliyinə tutuldu, qısa müddətdə həyatını itirdi. Qaldılar xəstə nənələrinin ümidinə. Yenidən onlara belə bir əzabı yaşatmağı azacıq vicdanı, əxlaqı olan heç bir insan özünə sığışdırmamalıdır”, - deyə yaxınları bildirib.
Daxili İşlər Nazirliyi (DİN) isə 20 gün əvvəl azadlığa buraxılan Əhsən Nuruzadənin niyə yenidən saxlanılması ilə bağlı suallardan yayınır. Nazirlik nə inanclı fəalın ailəsinə məlumat verir, nə də “Abzas Media”nın sorğusunu cavablandırır.
Əhsən Nuruzadə həyat yoldaşını həbsdə olarkən itirib. O, xərçəng xəstəliyindən vəfat edib. Himayəsində 2 azyaşlı uşaq və xəstəlikdən əziyyət çəkən anası var.
İnanclı fəal 2015-ci ildə Nardaranda yerli sakinlərin və polislərin ölümü ilə nəticələnən silahlı əməliyyatdan sonra daha çox tanınıb. O, həmin vaxt həbs olunan Tale Bağırzadə və digərlərinin hüquqlarını müdafiə edib.
2017-ci ildə isə Əhsən Nuruzadə özü ibzibati qaydada həbs olunub, bir müddət sonra isə cinayət məsuliyyətinə cəlb edilib. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona qarşı narkotiklərin qanunsuz dövriyyəsilə bağlı cinayət işi qaldırılıb. 2018-ci il martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il azadlıqdan məhrum olunub.
Ə.Nuruzadə həmin ittihamı qəbul etməyib və qurama adlandırıb. O, cəza müddətini tam başa vurduqdan sonra azadlığa çıxmışdı.