Norveç İnsan Hüquqları Evi Fondunun hesabatında bildirilir ki, 2023-cü ildən başlayaraq Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərinə, vəkillərə, müstəqil jurnalistlərə, müxalifyönlü siyasətçilərə, vətəndaş cəmiyyəti fəallarına və alimlərə qarşı amansız repressiyaları artırıb
Norveç İnsan Hüquqları Evi Fondu oktyabrın 1-də "Azərbaycanda insan hüquqları ilə bağlı artan böhran" adlı hesabat yayıb.
Hesabatda diqqət COP29 ərəfəsində Azərbaycan hökumətinin tənqidçilərinə qarşı repressiyaları artırmasına yönəldilib.
Qeyd edilib ki, işgəncələr və amansız rəftar geniş yayılıb və məhbusların çoxu azadlıqdan məhrumetmə yerlərində pis rəftardan şikayətlənir.
“Repressiyalar müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının və KİV-in fəaliyyəti üçün olduqca məhdudlaşdırıcı hüquqi mühitlə birlikdə fərqli fikrin və qanuni hüquq-müdafiə fəaliyyətinin bütün formalarının aradan qaldırılması təhlükəsi yaradır. Bu, qarşıdan gələn COP29 iqlim konfransı və artıq baş tutmuş, ATƏT DTİHB seçki müşahidə missiyasının "rəqabətsiz, məhdudlaşdırıcı şəraitdə keçirilən və demokratik standartlara uyğun olmayan" kimi xarakterizə etdiyi növbədənkənar prezident və parlament seçkiləri kontekstində baş verir” - hesabatda deyilib.
Sənəddə hakimiyyət tənqidçilərinin həbsilə bağlı konkret faktlar göstərilib.
Əsasən, hüquq müdafiəçisi Anar Məmmədlinin, iqtisadçı-alim Qubad İbadoğlunun, “Toplum” TV, “Abzas Media” və “Kanal-13” işləri üzrə həbs olunmuş jurnalistlərin və fəalların işlərinə diqqət çəkilib.
Həmçinin yayımlanan hesabatda Həmkarlar İttifaqı fəalları Afiyəddin Məmmədov, Möhyəddin Orucov, Elvin Mustafayev, gənc araşdırmaçılar İqbal Əbilov və Bəhruz Səmədovdan da bəhs olunub.
İnsan Hüquqları Evi Fondu "beynəlxalq birliyə əsas tövsiyələri" irəli sürüb.
Sənəddə əsasən COP29 ərəfəsində və tədbirdə iştirak zamanı insan hüquqları məsələlərinin Azərbaycan hakimiyyəti qarşısında qaldırılmasına çağırış yer alıb.
Hesabatda vurğulanıb ki, beynəlxalq birlik Azərbaycan hakimiyyətindən aşağıdakıları tələb etməlidir:
• Qanunsuz həbs edilmiş bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etmək, onların mülki və siyasi hüquqlarının tam bərpasına və Azərbaycanda tənqidi əhval-ruhiyyəli şəxslərə qarşı təqiblərə son qoyulmasına nail olmaq:
• Qeyri-hökumət təşkilatları və KİV haqqında məhdudlaşdırıcı qanunvericiliyi ləğv etmək;
• COP29-un keçirilməsilə bağlı Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan arasında sazişi paylaşmaq;
Həmçinin azərbaycanlı siyasi məhbuslarla görüşün, saxlanılan hüquq müdafiəçilərinin və jurnalistlərin işlərinin ictimai müzakirəsinin, onların ailələrilə görüşün, KİV-də çıxışlar zamanı Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin müzakirəsinin tələb edilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, hesabat müəllifləri Bakıdakı diplomatik icmanın siyasi məhbusların işlərinin müzakirəsinə və Azərbaycanda mülki məkana təsir edən qanunvericiliyin təkmilləşdirilməsinə cəlb olunmasını zəruri hesab edib.
Rəsmi Bakı bir qayda olaraq insan haqları ilə bağlı hesabatlardakı tənqidləri qəbul etmir, onları böhtan və qərəz adlandırır.
Rəsmilər iddia edirlər ki, ölkədə heç kim siyasi və peşə fəaliyyətinə, habelə azadlıq və hüquqlarından istifadəyə görə təqib olunmur. Onlar bildirirlər ki, həbs və saxlanmalar konkret qanun pozuntularına görə baş verir.
Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olmasına dair iddiaları rədd edir.