Ekspert: "Seçki Məcəlləsinə əsasən, seçki tarixi səsvermə günündən azı 60 gün əvvəl elan edilməlidir"
Bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçirilməli olsa da, Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin vaxtını elan etmir.
Seçki mütəxəssisi Məmməd Məmmədzadə deyir ki, Seçki Məcəlləsinə əsasən, seçki tarixi səsvermə günündən azı 60 gün əvvəl elan edilməlidir. Onun sözlərinə görə, dekabrda keçirilməli olan seçkilər üçün qərar oktyabr ayında verilməlidir.
"Seçki prosesilə bağlı müddətin pozulması vətəndaşların Konstitusiyanın 56-cı maddəsilə nəzərdə tutulan seçmək və seçilmək hququnun pozuntusudur. Bu, eyni zamanda Seçki Məcəlləsinin bir sıra maddələrinin pozuntusu kimi də qiymətləndirilə bilər.
60 günlük seçki prosesində ictimai iştirakçılıq çox vacibdir. Siyasi partiyalar, vətəndaş cəmiyyəti nümayəndələri, namizədlər bu prosesdə iştirak edirlər. Müddətin gecikməsi onların hüquqlarının pozulmasıdır. Yəni, ümumi gecikmə prosesdə iştirakçılığı, kampaniyaların aparılmasını məhdudlaşdırır", - deyə ekspert bildirir.
M.Məmmədzadə deyir ki, MSK müstəqil kollegial qurum olsa da, hesabatlılıq olmalıdır.
"MSK namizədlərə, vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi partiyalara məlumat xarakterli hesabat da vermir ki, gecikmənin nə ilə əlaqədar olması bilinsin. Ancaq ümumilikdə seçkinin təxirə salınması qanunla mümkün deyil. Nə Konstitusiyada, nə Seçki Məcəlləsində seçkilərin təxirə salınması ilə bağlı müddəalar yoxdur", - deyə o əlavə edir.
"Abzas Media" məsələ ilə bağlı cavab almaq üçün MSK ilə əlaqə yaratmağa çalışsa da, zənglərimizə cavab verilməyib. Qurumun mətbuat xidməti göndərilən sualları da cavablandırmayıb.