COP29 yaxınlaşdıqca "Abzas Media işi" üzrə həbs olunanların yaxınları ilə əlaqəsinə çətinliklər yaradılır
Saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Elnarə Qasımovaya qarşı bəzi məhdudiyyətlər tətbiq olunmağa başlayıb.
Jurnalistin anası Natavan Qasımova deyir ki, son parlament seçkilərinə qədər canlı görüşlərdə heç bir problem olmayıb, ancaq seçkilərdən sonra vəziyyət dəyişib.
"Gedəndə qələm, kağız da aparıb istədiklərini yaza bilirdik. Ancaq seçkilərdən və o təcridxanada qadına işgəncə verilməsilə bağlı xəbərlərdən sonra canlı görüşə icazə vermədilər, içəri qələm, kağız aparmağa qoymadılar".
Natavan Qasımova deyir ki, təzyiqlər təkcə görüş qadağası ilə məhdudlaşmır, şüşə arxasından görüş zamanı da nümayişkəranə şəkildə nəzarətə məruz qalırlar.
"Oktyabrın 12-də həbsxanaya gedəndə bir xanım işçi görüşün sonuna qədər başımızın üstündə durdu. Mən digər nəzarətçilərə narazılıq edəndə dedilər ki, ona elə tapşırıq verilib. Soruşdum bəs qələmi, vərəqi niyə buraxmırsınız? Dedilər, vərəq olar, qələm yox, bizə belə tapşırıq verilib", - Natavan Qasımova əlavə edib.
Bundan əvvəl eyni qadağalar bu iş üzrə həbs olunan jurnalistlər - Ülvi Həsənli və Sevinc Vaqifqızına (Abbasova) da tətbiq olunub. Yaxınları bu təzyiqləri jurnalistlərin saxlanıldıqları təcridxanadakı problemləri işlqlandırmaları ilə əlaqələndirirlər və bildirirlər ki, COP29 yaxınlaşdıqca onların yaxınları ilə əlaqəsinə çətinliklər yaradılır.
Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 26 fevral 2024-cü il tarixli qərarın 8-ci maddəsinin 1.24-cü bəndində qeyd olunur ki, qanunda nəzərdə tutulmuş qaydada yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşmək həbs edilmiş şəxslərin hüquqlarından biridir.
Vəkil Nemət Kərimli deyir ki, məhbusun təcridxanada olan məlumatı ictimailəşdirdiyinə görə, ayrı-seçkiliyə və qadağalara məruz qoyulması həm qanunun tələblərinə, həm də həbs yerlərinin daxili intizam qaydalarına ziddir.
"Təcridxanada saxlanılan şəxsin yaxın qohumları və onun üçün maraq kəsb edən şəxslərlə görüşmə hüququnu qanunvericilik müəyyən edir, təcridxana rəisi yox. Bu məhdudiyyətlər ayrı-seçkilikdir", – deyə vəkil vurğulayıb.
“Abzas”çılara tətbiq olunan görüş qadağaları ilə bağlı Penitensiar Xidmətdən "Abzas Media"ya bildirilib ki, istintaq təcridxanalarının daxili intizam qaydalarının tələblərinə əsasən, qurumun tabeliyində olan istintaq təcridxanalarında saxlanılan həbs edilmiş şəxslərə görüşlər, sərbəst danışmağa imkan verən arakəsmə ilə təchiz olunmuş xüsusi otaqlarda təqdim edilir.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da jurnalist Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə reportyor Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
İyunun 1-də həbs olunan Fərid Mehralızadə də “Abzas Media işi” üzrə istintaqa cəlb olunub. Ancaq özü bu media orqanı ilə əlaqələrini inkar edir. “Abzas Media” redaksiyası da yaydığı bəyanatda iqtisadçı ilə heç bir əməkdaşlığın olmadığını açıqlayıb.
Daha sonra “Abzas Media işi” üzrə həbs olunanlara qarşı yeddi əlavə maddə ilə daha ağır ittihamlar irəli sürülüb. İndi onlar Azərbaycan Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 320.1 və 320.2-ci (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə), həmçinin 213.2.1-ci (qrup şəklində vergidən yayınma) maddələri ilə ittiham olunurlar.
Bu ittihamlarla onları əvvəlki kimi 8 ilədək deyil, 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Jurnalistlər bütün ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.