Ötən həftə Azərbaycanda müstəqil fəaliyyət göstərən Meydan TV-nin 6 jurnalisti saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Dekabrın 8-i Xətai rayon Məhkəməsi jurnalistlər Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
İş üzrə saxlanılan media nümayəndəsi Ülvi Tahirov barəsində eyni qərar verilib. Fotojurnalist Əhməd Muxtar isə xırda xuliqanlıqda günahlandırılaraq 20 sutkalıq həbs edilib. Jurnalistlər bu ittihamları rədd edir, həbslərini peşə fəaliyyətilə əlaqələndirirlər.
Meydan TV sosial-iqtisadi, siyasi və mədəni mövzularda peşəkar jurnalist materialları hazırlayıb, ölkə başçısı İlham Əliyevi, onun ətrafını və bir çox yüksək çinli məmurları əhatə edən korrupsiya araşdırmaları dərc edib. Buna görə də fəaliyyətinin bütün dövrlərində müxtəlif ağır təzyiq və təqiblərə məruz qalıb.
İlham Əliyev 2003-cü ildə atasından sonra hakimiyyəti ələ alandan sonra intensivləşən siyasi həbslər son illərdə ən pik həddə çatıb. Xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra tənqidçi media və vətəndaş cəmiyyəti ağır repressiyalara məruz qalıb.
Son bir ildə Abzas Media və Toplum TV də daxil olmaqla, 20-dən çox jurnalist həbs olunub. Buna görə də Azərbaycan Sərhədsiz Reportyorlar təşkilatının media azadlığı indeksində 180 ölkə arasında 164-cü yerə düşüb və təkcə Çin, Şimali Koreya, Türkmənistan və Əfqanıstan kimi ölkələri qabaqlaya bilib.
İlham Əliyevin 21 illik prezidentliyi dövründə hakimiyyəti tənqid edən jurnalistlər ya öldürülüb, ya şantaj olunub, ya da saxta ittihamlarla həbs olunub. Hüquq mühafizə orqanları qanunvericiliyin onlar üçün nəzərdə tutduğu səlahiyyətlərdən korrupsiya hüquqpozmalarına qarşı yox, müstəqil medialara qarşı istifadə edir.
Biz "Meydan TV"yə qarşı irəli sürülən ittihamların qondarma və əsassız olduğuna inanırıq, "Abzas Media" olaraq "Meydan TV"nin yanında olduğumuzu bəyan edir və jurnalist həmkarlarımızın dərhal azadlığa buraxılmağını tələb edirik!