Azər Qasımlı: "Beynəlxalq birliyin Azərbaycan hökumətini dayandırmağa gücü var və həddindən artıq çoxdur. İstəsəydilər edərdilər. Amma onlar etmirlər"
Dekabrın 3-də ölkədə müstəqil fəaliyyət göstərə bilən yeganə insan hüquqları təşkilatı “Müdafiə xətti"nin icraçı direktoru Rüfət Səfərov saxlanıldı.
Evinin önündən tutulub aparılandan cəmi bir neçə saat sonra Daxili İşlər Nazirliyi (DİN) məlumat yaydı ki, hüquq müdafiəçisi torpaq "alverində” yaranmış münaqişəyə görə polisə aparılıb.
Vəkillər polis bölməsinə gedəndə aydın oldu ki, Natiq adlı bir şəxs Rüfətə pul verdiyini və onun zorakılığına məruz qaldığını bildirib.
Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq), 127.2.3. (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1. (xuliqanlıq) maddələri ilə ittiham elan olunub. Dekabrın 4-də Binəqədi rayin Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçdi. Hüquq müdafiəçisi isə bu ittihamların uydurma olduğu bildirib.
"Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir”, – deyə həbsindən sonra onun adından sosial media hesabında yayılan müraciətdə qeyd olunur.
Rüfət Səfərov iki gün sonra ABŞ-yə uçmağı planlayırmış. Səfərin səbəbi layiq görüldüyü ilin güclü hüquq müdafiəçisi mükafatının təqdimat mərasiminə qoşulmaq olub.
“Bəri başda mənim namizədliyimi verən ABŞ-nin Azərbaycanda səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət Katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm", – deyə o vurğulayıb.
"Hüquq müdafiəçisi Rüfət Səfərov dərhal azadlığa buraxılmalıdır. Ona qarşı irəli sürülən ittihamlar inandırıcı deyil"
Hüquq müdafiəçisi Samir Kazımlı deyir ki, Rüfət Səfərovun həbsi hüquq müdafiə fəaliyyətilə bağlıdır. Onun fikrincə, əvvəlki siyasi motivli həbslərdə olduğu kimi, Səfərova qarşı ittihamlar da qondarmadır.
"Bu günlərdə ABŞ dövlət katibi Entoni Blinken ona mükafat təqdim edəcəkdi, bu da Rüfət Səfərovun həbsində ciddi rol oynayır. Görünür ki, bu, Azərbaycan hakimiyyətini ciddi narahat edib. Ona görə də belə bir addım atdılar", – deyə o əlavə edib.
Hüquq müdafiəçisinin həbsinin yanlış addım olduğunu deyən Kazımlı Azərbaycan hakimiyyətini repressiyaları dayandırmağa çağırıb. O bildirib ki, Rüfət Səfərov dərhal azadlığa buraxılmalı, ona qarşı irəli sürülən ittihamlar isə ləğv olunmalıdır.
Qeyd edək ki, gələn ilin yanvarında Azərbaycanın Avropa Şurasında üzvlük məsələsi müzakirəyə çıxarılacaq. Bu ilin yanvarında azərbaycanlı nümayəndə heyətinin bu qurumda səlahiyyətlərinin dondurulmasının səbəblərindən biri də siyasi məhbuslarla bağlı idi.
Samir Kazımlı deyir ki, belə bir vaxtda hökumətin insan haqlarının vəziyyətilə bağlı atdığı addımlar başadüşülən deyil.
"Normal məntiqlə, Azərbaycan hökuməti siyasi məhbusları azad etməli, müsbətə doğru addımlar atmalı idi. Amma biz bunun əksini görürük. Baş verənlərin məsuliyyəti hökumətin üzərindədir", – Samir Kazımlı vurğulayıb.
"Rüfət nə birincidir, nə də axırıncı. Böyük ehtimalla, Rüfətdən sonra da həbslər olacaq"
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı deyir ki, Azərbaycan hakimiyyəti bütün demokratik institutların tamamilə ləğvi yolunu tutub və demək olar ki, buna müəyyən qədər nail də olub.
Onun fikrincə, Rüfət Səfərovun həbsilə onun rəhbərlik etdiyi hüquq- müdafiə təşkilatını da ləğv etmək istəyirlər.
"Yerdə qalan hüquq müdafiəçilərinin, siyasətçilərin, jurnalistlərin, demək olar ki, hamısını ya həbs edəcəklər, ya ölkədən çıxışlarını qadağan edəcəklər, ya da elə bir vəziyyət yaradacaqlar ki, fəaliyyət göstərə bilməsinlər".
Azər Qasımlı əlavə edir ki, öz geopolitik seçimini edərək Rusiyanın yanında yer alan Azərbaycan iqtidarı Kremlin Cənubi Qafqazda əsas əvəzolunmaz müttəfiqidir. Elə mövcud həbslər isə regionda avroritarizmin möhkəmlənməsinə xidmət edən tədbirlərdən biridir.
"Beynəlxalq birliyin Azərbaycan hökumətini dayandırmağa gücü var və həddindən artıq çoxdur. İstəsəydilər edərdilər. Amma onlar etmirlər. Mən burada əsas problemi Qərbdə olan liderlərdə görürəm. Onların 99 faizi dişsiz, dəyərlərə bağlı olmayan, daha çox bürokrat tipli insanlardır. Buna görə də dünyanı belə vəziyyətə gətiriblər", – siyasətçi bildirir.
Hökumətin Avropa ilə enerji sövdələşməsinə işarə edən Azər Qasımlı deyir ki, Azərbaycan qazından və neftindən imtina etmək elə də çətin olmasa da, Qərb hələlik bu addımı atmır.
"Məsələn, "Avropa Azərbaycandan qaz alır" deyəndə mənim gülməyim gəlir. Avropa Azərbaycandan qaz almır, Italiya qaz alır. Azərbaycan qazının 92 faizi İtaliyaya gedir. Bu da İtaliyanın qaz idxalının cəmi 15 faizini təşkil edir. Bu, İtaliya üçün kiçik rəqəm deyil, amma İtaliya belə istəsəydi bundan imtina edə bilərdi. O cümlədən, Avropa Birliyi bundan tamamilə imtina edə bilər.
Neftə gəlsək, məgər Avropa ölkələrinin Azərbaycan neftinə belə ciddi ehtiyacımı var? Sabah Azərbaycan nefti dünya bazarına çıxmasa, bunu dünya ümumiyyətlə hiss etməyəcək. Onun yerini Səudiyyə Ərəbistanı, ABŞ və digərləri problemsiz şəkildə doldura bilərlər.
İstəsəydilər həm qaza embarqo qoyardılar, həm neftə sanksiya. Digər sahələrdə də o qədər təsir imkanları var ki… Amma təəssüflər olsun ki, bütün bunların heç biri edilməyib və bu gün də edilməməkdədir. Bunun günahını da mən böyük Qərb ölkələrinin iqtidarlarında görürəm", – siyasətçi fikrini tamamlayıb.
Hüquq müdafiəçisinin həbsinə yerli və beynəlxalq reaksiyalar
Rüfət Səfərovun saxlanılmasından sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Müsavat Partiyasının Məclis sədri Arif Hacılı məsələ reaksiya verərək onun saxlanılmasını pisləyiblər. Siyasətçilər Səfərovun dərhal azadlığa buraxılmasına çağırıblar.
ABŞ Dövlət Departamentinin Mətbuat katibinin müavini Vedant Patel də “Turan”ın sualına cavabda Rüfət Səfərovun həbsilə bağlı ABŞ-nin mövqeyini açıqlayıb.
"Biz hüquq müdafiəçisi Rüfət Səfərovun Azərbaycanda saxlanılması ilə bağlı xəbərlərdən dərin narahatıq. Biz bu məsələni yaxından izləyirik. İnsan hüquqları müdafiəçilərinin hər yerdə öz işlərini maneəsiz, azad və qisas qorxusu olmadan apara bilmələri vacibdir. Biz Azərbaycanı haqsız yerə həbs edilənlərin hamısını azad etməyə və vətəndaş cəmiyyətinə, o cümlədən, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırırıq", – o, bildirib.
“Yanvarda bunun cavabı olacaq....”
Almaniyanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin sədri Frank Şvabe sosial mediada yaydığı postda Rüfət Səfərovun həbsinin cavabsız qalmayacağını bildirib.
"Rüfət Səfərovun saxlanması İlham Əliyev sülaləsinin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına dair şərtləri yerinə yetirməyə hazır olmadığını göstərir. AŞPA yanvarda buna cavab verəcək".
Vaxtilə Zərdab Rayon Prokurorluğunda müstəntiq işləyən Səfərov 2015-ci ildə insan hüquqları və demokratiya sahəsindəki pozuntuları əsas göstərərək vəzifəsindən istefa verib.
O, 2016-ci ildə rüşvət almaqda ittiham olunaraq həbs olunub və 9 il azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanımışdı.
2020-ci ildə prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Rüfət Səfərov hüquq müdafiəsi sahəsini fəaliyyətini daha da gücləndirib.