Aztəminatlı işçilər iclas adı ilə prezidentliyə namizədlərlə görüşə gətirilir

Aztəminatlı işçilər iclas adı ilə prezidentliyə namizədlərlə görüşə gətirilir Foto: Günün Səsi
5 Fevral 2024
Mətni dəyiş

Hüquq müdafəçiləri hesab edirlər ki, həftəsonları işçilərin namizədlərlə məcburi görüşlərə cəlb edilməsi onların seçici iradəsini əzməklə yanaşı, istirahət hüquqlarının pozulması və istismarıdır

 

Azərbaycanda növbədənkənar prezident seçkisinə 2 gündən az vaxt qalıb.

Yanvarın 15-də başlayan təşviqat müddəti isə sabah səhər 08:00-da bitir. Bu dəfə də təşviqat dövründə əvvəlki seçkilərdə müşahidə olunan inzibati səfərbərlik müşahidə edildi. Belə ki, nazmizədlərin seçicilərlə görüşündən hazırlanan reportajlardan məlum oldu ki, bu görüşlərə dövlət büdcəsindən maliyələşən qurumlarda çalışan aztəminalı işçilər gətirilir.

7 fevral seçkisini müşahidə edəcək Seçki Müşahidə və Təhlil Qrupu Koalisiyasının üzvü, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, işçilərin işdən kənar məsələlərlə bağlı həftəsonları cəlb olunması qanunsuzdur.

Onun sözlərinə görə, yerli qanunvericilikdə təsbit olunub ki, əgər işlə bağlı əlavə müddət üçün işə cəlb olunarlarsa, ödənişlər ikiqat olmalıdır:

“Həm bələdiyyələr, həm də Mənzil İstismar Sahələri öz işçilərini həftəsonu məcburi qaydada işə çıxarıb. Ona görə də, işəgötürən hesab olunan vəzifəli şəxslər Əmək Məcəlləsinin tələbini pozublar və bu məcəllənin 310, 11, 12-ci maddələrilə məsuliyyət daşıyırlar, cəzalandırılmalıdırlar. Yox əgər həqiqətən həftəsonuna təyin olunan bu iş öz işlərilə bağlı və zərurui olubsa, bu zaman ödənişləri ikiqat olmaldır.

Sən prezidentliyə namizədliyini verirsənsə, görüşdə sənin güman etdiyin qədər seçici olmayacaqsa, niyə gedib çox ağır şəraitdə az maaşa işləyən, zəif elektoratı yığdırırsan görüşə? Həftəsonu istirahət etmələrinə imkan vermirsən?!” – deyə o, bildirib.

Seçkilər üzrə mütəxəssis Məmməd Məmmədzadə deyir ki, seçki dövründə dövlət büdcəsindən maliyələşən təşkilatların əməkdaşlarının məcburi şəkildə namizədlərlə görüşə gətirilmə halları müşahidə edilir. Onun sözlərinə görə, bu, inzibati resurslardan sui-istifadə halları kateqoriyasına aiddir.

“Burada məsələ ondan ibarətdir ki, ölkənin əsas müxalifət partiyaları seçkidə iştirakdan imtina ediblər. Hakim partiyaya da sırf xarici amillər üçün lazımdır, göstərsin ki, Azərbaycanda seçki mühiti, rəqabətlilik var və digər namizədlər də seçicilərlə görüşürlər. Ona görə də büdcədən maliyyələşən qurumlarda işləyən şəxslər məcburi qaydada bu prosesə cəlb edilir.

Burada başqa məsələ də odur ki, bu prosesə cəlb olunan şəxslərin seçici iradəsinə ciddi təzyiqlər var. Onlar təşviqat dövründə məcburi şəkildə texniki namizədlərin təbliğat prosesinə cəlb olunurlar”, – seçki mütəxəssisi bildirib.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından (MSK) cavab almağa çalışsaq da, zənglərimiz cavablandırılmayıb. Ümumiyyətlə seçki dövründə bu qurum “Abzas Media”nın heç bir sualna cavab verməyib.

7 dekabr 2023-cü ildə ölkə başçısı İlham Əliyev 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkisi keçirilməsilə bağlı sərəncam imzalayıb. Seçkidə 7 şəxsin namizədliyi qeydə alınıb. Bunlar aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Bir neçə namizəd isə bildirib ki, namizədlik prosesinin ədalətsiz keçməsi səbəbindən qanunla nəzərdə tutulan imza sayını toplaya bilməyiblər. Onlar imza vərəqələrini MSK-ya təqdim edə bilmədiklərinə görə namizədlikləri qeydə alınmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun