Azərbaycan tərəfi bir hərbçinin əlverişsiz hava şəraitində azdığı və onun axtarışlarının davam etdiyi haqda məlumat yayıb
Fevralın 28-də Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı məlumat yayıb.
Rəsmi məlumatda qeyd olunub ki, Azərbaycan hərbçisi səhər saat 5 radələrində Sünik vilayətinin Dığ icması istiqamətində təmas xəttini keçib.
“Azərbaycan hərbçisi saxlanılıb, faktla bağlı cinayət işi açılıb” – deyə məlumatda qeyd olunub.
Azərbaycan Müdafiə Nazirliyi isə bu gün saat 12 radələrində Azərbaycan Ordusunun əsgərinin Laçında azaraq itkin düşməsi barədə məlumat yayıb.
“Fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Eldəniz Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçunun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir”, - rəsmi məlumatda qeyd olunub.
Ancaq Ermənistan tərəfinin açıqlamasında saxlanılan hərbçinin adı qeyd olunmadığından onun Eldəniz Pənahov olub-olmaması dəqiq deyil.