Vəkili onun Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülməsini vacib sayır
Artıq yeddinci aydır həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlunun səhhəti pisləşib. Siyasətçinin qanında şəkərin miqdarı aşağı düşmür.
Bu barədə məlumatı onun vəkili Zibeydə Sadıqova yayıb.
“Artıq gün ərzində iki yüksək dozalı dərman qəbul edir və insulin iynəsi vurur. Həmçinin ürək döyüntüləri normallaşsın deyə, ayrıca dərman qəbul edir və buna baxmayaraq, nəbzi həmişə yüksək olur. Endokrinoloq qərar verib ki, Qubad İbadoğlu 10 gün damarlarının yuyulması üçün sistem qəbul etməlidir. Çünki şəkərin yüksəlməsi nəticəsində damarlarında tıxanma yaranıb”, – deyə vəkil “Facebook” hesabında bildirib.
Zibeydə Sadıqova həmçinin yazıb ki, siyasətçi Penitensiar Xidmətin Baş Tibb İdarəsinə köçürülməlidir.
“Qubad İbadoğlu 10 gün müddətində tibb məntəqəsinə aparılacaq, 1 saat sistem altında olduqdan sonra yenidən kamerasına qaytarılacaq. Əslində, Müalicə Müəssisəsi deyilən yer var. Xəstələr ora göndərilir, orada tamamilə həkim nəzarətində olur və müalicə aldıqdan sonra təcridxanaya qaytarılırlar. Lakin bu qayda, əlbəttə ki, Qubad İbadoğluna aid deyil”, – deyə Sadıqova vurğulayıb.
Penitensiar Xidmət həbsdə saxlanılan siyasətçinin səhhətində yaranmış problemlərlə bağlı onlara yox, Baş Tibb İdarəsinə müraciət etməyi məsləhət bilib. Baş Tibb İdarəsindən isə açıqlama almaq mümkün olmayıb.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham irəli sürülüb.
Ötən il iyulun 24-də Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbirinin seçilməsi haqda qərar verib. Noyabrın 16-da partiya sədrinin həbsdə saxlanma müddəti daha 3 ay uzadılıb.
O, ittihamları qəbul etmir və həbsinin siyasi sifarişlə həyata keçirildiyini bildirir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Qubad İbadoğlunu siyasi məhbus hesab edir və hökuməti onu azadlığa buraxmağa çağırır.