Qubad İbadoğlunun həbs müddəti daha 3 ay uzadılıb

Qubad İbadoğlunun həbs müddəti daha 3 ay uzadılıb Foto: sosial media
15 Fevral 2024
Mətni dəyiş

ABŞ Konqresinin Nümayəndələr Palatası professorun dərhal azadlığa buraxılmasına çağırış edən qətnamə qəbul edib

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı alim Qubad İbadoğlu barəsində həbs qətimkan müddəti daha 3 ay uzadılıb. Bu barədə Nərimanov Rayon Məhkəməsinin fevralın 15-də keçirilən iclasında qərar qəbul edilib.

Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova bildirib ki, prokurorluğun təqdimatı əsasında verilən məhkəmənin qərarı əsassız olduğundan yuxarı məhkəmə instansiyasına şikayət göndərəcək.

Fevralın 14-də isə ABŞ Konqresinin Nümayəndələr Palatası Azərbaycan hökumətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edən qətnamə qəbul edib.

“Nümayəndələr Palatası Azərbaycan hökumətinin Qubad İbadoğluya qarşı davranışını pisləyir, onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir, ABŞ dövlət katibliyini isə Qubad İbadoğlunun azadlığa buraxılması məsələsini Azərbaycan hökuməti ilə təmaslar zamanı prioritet olaraq saxlamağa çağırır”, — deyə qətnamədə bildirilir.

Sənəddə qeyd olunur ki, ABŞ Dövlət Departamenti və ABŞ-ın Bakıdakı səfirliyi, beynəlxalq elm və təhsil müəssisələri, eləcə də təşkilatlar Qubad İbadoğlunun sağlamlığında yaranan problemlərdən dolayı narahatlıq keçirir və onun həbsinin insan hüquqları və akademik azadlıqlara qarşı ciddi pozuntu halı kimi qiymətləndirir.

“Qubad İbadoğlunun səhhəti əhəmiyyətli dərəcədə pisləşib və ona adekvat tibbi yardım göstərilməyib, dəfələrlə vəkili ilə görüşünə maneələr yaradılıb və onun ədalətli mühakimə hüquqi pozulub”, — qətnamədə vurğulanır.

Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham irəli sürülüb.

Ötən il iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə professor barəsində 3 ay 26 gün həbs qətimkan tədbirinin seçilmiş, noyabrın 16-da isə həbs müddəti daha 3 ay uzadılmışdı. Qubad İbadoğlu ittihamları qəbul etməyib və həbsinin siyasi sifarişlə həyata keçirildiyini bildirib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus hesab edir.

 

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun