Febralın 28-də "Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənlinin qızı Suada açıq məktub ünvanlayıb.
Məktub Ü.Həsənlinin Facebook hesabında yayımlanıb.
Ülvi Həsənli məktubunda 90 gündən artıq müddət ərzində qızını görə bilmədiyi deyir:
“Biz həbs olunanda sən hələ yerimirdin, amma bir ay əvvəl məhkəmələrimizin birində vəkilim Zibeydə xanım dedi ki, Suad artıq yeriməyə başlayıb”.
Məktubda "Abzas Media"nın həbsdə olan direktoru korrupsiya faktlarını ortaya çıxarıb yayımladıqlarına görə həbs ediləcəklərini gözlədiklərini bildirir.
“Çünki Azərbaycan dünyanın ən repressiv ölkələrindən birinə çevrilib. Müstəqil jurnalistlər ölkəmizdə bu cür təhlükələr və təzyiqlər altında fəaliyyət göstərirlər”.
Ülvi Həsənli qeyd edir ki, "Abzas Media"nın həbs olunan əməkdaşlarının əksəriyyəti 3 ay ərzində ən sərt formada təcrid olunublar:
“Hətta səni – 18 aylıq uşağı 5-10 saniyəlik qucaqlamağa belə düşməncəsinə imkan vermədilər. Səni indi də görə, bağrıma basa bilmirəm. Azərbaycanda totalitar sovet rejimi faktiki olaraq bərpa edilib, ölkəni isə sovet təfəkkürü idarə edir. Hələ də atalara, analara görə övladlar, övladlara görə valideynlər, ailə üzvləri cəzalandırılır. Analarımızın yeganə gəlir yeri olan pensiya kartları bloklanıb, ailə üzvlərimizin, dostlarımızın bank hesablarına həbs qoyulub və onların ölkədən çıxışı qadağan olunub” – deyə o bildirir.
Ü.Həsənli paylaşımın sonunda məktubun ictimai şəkildə yayımlanmağının tarixi əhəmiyyətini vurğulayır:
“Gələcəkdə bu məktubu oxuyanda daha aydın anlayacaqsan ki, Azərbaycan necə qaranlıq bir dövrdən keçib” – deyə o qeyd edir.
Ülvi Həsənli "Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Elə həmin gün "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov, noyabrın 21-də isə Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra – noyabrın 30-da jurnalist Nərgiz Absalamova, dekabrın 13-də isə araşdırmaçı Hafiz Babalı həbs olunub.
Yanvarın 15-də "Abzas Media"nın digər əməkdaşı, jurnalist Elnarə Qasımova da eyni iş üzrə saxlanılıb.
Fevralın 24-də Xətai rayon Məhkəməsi Nərgiz Absalamova barəsində həbs qətimkan tədbirnin müddətini daha 3 ay uzadıb.
Jurnalistlərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb.
Onların heç biri özünü təqsirli bilmir, həbslərinin apardıqları korrpusiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.
Beynəlxalq insan hüquqları və media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir