Müstəqil internet televiziyası olan “Toplum TV”yə qarşı kütləvi repressiyalar başlayıb.
“Toplum TV”nin ofisi möhürlənib, qurumun təsisçisi, eləcə də tanınmış media eksperti olan Ələsgər Məmmədli və internet televiziyasının dörd əməkdaşı – İlkin Əmrahov, Ramil Babayev, Əli Zeynal, Müşviq Cabbar barəsində saxta qaçaqmalçılıq ittihamı üzrə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Media qurumunun digər əməkdaşları – Fərid İsmayılovla Elmir Abbasov isə polis nəzarətində ev dustaqlığına buraxılıb.
“Toplum TV”nin tərəfdaş təşkilatı olan Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, eləcə də III Respublika Platformasının spikeri Akif Qurbanov, Platformanın qurucu üzvü Ruslan İzzətli barəsində də eyni ittihamla 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“Toplum TV” Azərbaycan vətəndaşlarının mənafeyindən çıxış edərək ölkədəki sosial-iqtisadi mövzularda məqalələr, araşdırmalar dərc edib, video reportajlar yayımlayıb, siyasi mövzularda olan tənqidi verilişlərilə fərqlilik yaradıb və mətbuata olan repressiyalara baxmayaraq, fəaliyyətini cəsarətlə davam etdirib.
Elmar Hüseynov, Rafiq Tağı və Rasim Əliyevin siyasi mötivlərlə qətlindən sonra – Azərbaycan hökumətinin media qurumlarını satın aldığı, yüzlərlə jurnalisti şirnikləndirərək, ev hədiyyə edərək, medalla təltif edərək saray jurnalistinə çevirib susdurduğu bir vaxtda həm “Abzas Media”, həm də “Toplum TV” hökumətin güc strukturlarının təqibləri ilə üzləşib və qapadılıb.
“Abzas Media” və “Toplum TV”yə qarşı kütləvi repressiyalar bir daha göstərir ki, Azərbaycan hökuməti müstəqil medianı tamamilə sıradan çıxarmaq xəttini tutub. Təsadüfi deyil ki, Azərbaycan Sərhədsiz Reportyorlar təşkilatının media azadlığı indeksində 180 ölkə arasında 151-ci – Sudan və Liviyadan sonra Pakistanla Əfqanıstanın arasında qərarlaşıb.
Cümhuriyyətdən də öncə yaranan Azərbaycan mətbuatı belə ağır dönəmi ilk dəfə yaşamır. 1875-ci ildə “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuat qurumları çar Rusiyasının və sovet işğalının repressiyalarına məruz qalandan sonra mühacirətə köçmək məcburiyyətində qalmışdı. Azad medianın yerini Kommunist Partiyasının basqısı və senzurası altında olan sovet mətbuatı tutmuşdu.
Müstəqil media indi də oxşar aqibətlə üz-üzə qalıb. Amma tarix təkrarlansa da, artıq yüz il əvvəlki dövr deyil. Azərbaycan mətbuatının tarixi dövlətin tarixindən böyükdür. Milli mətbuatın meydana gəlməsində dövlətin heç bir rolu olmayıb, ancaq Azərbaycan dövlətinin qurulmasında mətbuatımızın əvəzsiz qatqısı var.
Texnoloji tərəqqi söz azadlığının sərhədlərini daha də genişləndirib. Bütün cəhdlərə, hakimiyyətə kimin gəlməsinə baxmayaraq, ölkəmizdə azad mətbuatı məhv etmək mümkün olmayacaq.
Yeni repressiya dalğasına məruz qalan müstəqil media olaraq “Abzas Media” Toplum TV-nin yanında olduğunu bəyan edir. Həmkarlarımıza qarşı edilən bu təzyiqi şiddətlə qınayır, həbslərin dayandırılmasını, saxta ittihamlarla saxlanılan jurnalistlərin azad edilməsini tələb edirik.