Ali təhsilli Sahib Məmmədzadənin ailəsini heyvandarlıqla dolandırdığı, elə iş başındaykən qara maskalı şəxslər tərəfindən zorakılıqla saxlanıldığı deyilir
Martın 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadə saxlanılıb. Abzas Media-ya bu barədə partiyadan məlumat verilib.
Daxili İşlər Nazirliyi (DİN) müxalifətçinin saxlanıldığını təsdiqləyib.
Partiyadan bildirilib ki, o, əsassız olaraq narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur.
“Sahib Məmmədzadə rayonda olan qanunsuzluqlara etiraz etdiyinə görə həmişə hədəfdə olub. Sosial şəbəkə hesablarında da davamlı olaraq tənqidi paylaşımlar edirdi. Siyasi fəaliyyətinə görə şərlənərək həbs edilib”, - partiyadan deyiblər.
Sahib Məmmədzadənin 2 övladı var, hər ikisi sahhətiylə bağlı problemlər yaşayır. O, ailəsini heyvandarlıqla dolandırır:
“Ali təhsillidir. Amma heyvandarlıqla məşğul olurdu. Elə heyvanlarını yaylağa aparanda Daşkəsənin çıxışında 4 nəfər qara maskalı şəxs tərəfindən zorakılıqla tutulub. Onun bacısına qarşı da zorakılıq ediblər”, - deyə partiyadan bildirilib.
Xoşbulaq kənd sakini olan Sahib Məmmədzadə bundan əvvəl də polis təqibinə məruz qalıb. Ən son 2023-cü ildə Xoşbulaq sakinləri pay torpaqlarının ədalətsiz bölgüsünə etiraz edəndə Sahib Məmmədzadə rayon polis şöbəsinə çağırılıb.
Son aylarda Azərbaycanda ictimai-siyasi fəalların, jurnalistlərin küləvi həbsi həyata keçirilir. Yerli və beynəlxalq hüquq müdafiəçiləri Azərbaycanda kəskin şəkildə artan siyasi həbslərdən narahatlıq ifadə edirlər və hökuməti qondarma ittihamlarla həbs edilmiş ictimaiyyət nümayəndələrini azad etməyə çağırırlar.
Hökumət isə israrla ölkədə siyasi məhbusların olmadığını vurğulayır.