Azərbaycanda həbs olunan şəxslər qeyri-insani şəraitdə saxlanılır

Azərbaycanda həbs olunan şəxslər qeyri-insani şəraitdə saxlanılır
6 Mart 2024
Mətni dəyiş

5 il ərzində təkcə dövlət büdcəsindən Penitensiar Xidmətə 640 milyon manatdan çox vəsait ayrılıb

Azərbaycanın penitensiar sisteminə milyonlarla vəsait ayrılsa da, həbs yerlərində saxlanılma şəraiti beynəlxalq standartlara uyğun deyil.

Həm yerli qanunvericilik, həm də rəsmi məlumatlar həbs olunan şəxslərin beynəlxalq tövsiyələrə uyğun şəraitdə saxlanmadığını göstərir. Həyatlarının bir hissəsini bu müəssisələrdə keçirməli olan şəxslər isə fiziki-psixoloji çətinlikləri hər gün öz həyatlarında hiss edirlər.

Həbs həyatı yaşamış sıravi vətəndaşlar bu çətinliklər haqda danışmağa çox da maraqlı olmasalar da, ictimai-siyasi şəxslər həbsdə üzləşdikləri problemləri tez-tez səsləndirirlər.

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov Abzas Media-ya deyir ki, əsas problem həbsxanalarda və təcridxanalarda normadan artıq insanın saxlanılmasıdır.

“Məhbus ailələrindən daxil olan məlumat budur ki, xüsusilə, istintaq təcridxanalarının kameralarında sıxlıq var”, – hüquq müdafiəçisi bildirir.

Rəsmi məlumatlar da həbs yerlərində sıxlıq olduğunu göstərir. Belə ki, insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyevanın parlamentə təqdim etdiyi 2023-cü il üzrə məruzəsində qeyd olunur ki, penitensiar müəssisələrdə sıxlıq müşahidə olunur:

“2.500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub. Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1400 nəfərin saxlandığı, 1200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1411 məhkumun cəza çəkdiyi müəyyən edilib”, – Səbinə Əliyeva məruzəsində bildirib.

2009-cu ildə açılışı olan Bakı İstintaq Təcridxanasında 1,2,4 və 6 nəfərlik 576 kamera var. Hesabatda  konkret olaraq nə qədər şəxsin saxlanıldığı qeyd olunmasa da, rəsmi məlumatlara görə, 7 fevral prezident seçkisində 29-saylı seçki dairəsinin tərkibində müvəqqəti təşkil olunmuş 38, 39, 40 saylı məntəqələr (sözügedən təcridxana daxilində) üzrə ümumilikdə 4872 seçici qeydiyyatda olub. Bu da 2500 nəfərlik tutumu olan müəssisədə 4 min nəfərdən çox şəxsin saxlanıldığını deməyə əsas verir.

Ombudsman sıxlığı həbs qətimkan tədbirinin seçilməsinə dair, habelə həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanları tərəfindən verilən təqdimatların çoxluğu ilə əlaqələndirir və tövsiyə edir ki, bir çox işlər üzrə alternativ qətimkan tədbirləri seçilsin.

R.Səfərov deyir ki, müəssisələrdə sıxlığın olması məhkumların beynəlxalq tövsiyələrdə nəzərdə tutulan şərtlərdə saxlanılmasına mane olur.

Birləşmiş Millətlər Təşkilatının Birinci Konqresində «Məhbuslarla rəftarın minimal standart qaydaları» qəbul edilib. Həmin qaydalara əsasən, həbsxana rejimi «məhbuslarda məsuliyyət hissini və insan ləyaqətini öldürməmək» üçün azadlıqdakı həyatdan minimal dərəcədə fərqlənməlidir”, – hüquq müdafiəçisi beynəlxalq normanı xatırladır.

Ancaq beynəlxalq sənədlərlə yerli qanunvericiliyi müqayisə etdikdə görürük ki, penitensiar müəssisələrdəki vəziyyət hətta nəzəri olaraq da beynəlxalq tələblərə uyğun deyil.

  • Avropa Şurasının (AŞ) İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin (CPT) tövsiyəsi

Say

Ölçü

Təkadamlıq kameranın ölçüsü

7 kvadrat metrdən az olmamalıdır

2 məhbus üçün kameranın ölçüsü

10 kvadratmetrdən az olmamalıdır

5 məhbus üçün kameranın ölçüsü

21 kvadratmetrdən az olmamalıdır

7 məhbus üçün kameranın ölçüsü

35 kvadratmetrdən az olmamalıdır

12 məhbus üçün kameranın ölçüsü

60 kvadratmetrdən az olmamalıdır

 

  • Cəzaların İcrası Məcəlləsinin 91.2-ci maddəsi - Cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və həbsxanalarda hər məhkum üçün yaşayış sahəsinin norması dörd kvadratmetrdən, müalicə müəssisələrində isə beş kvadratmetrdən az ola bilməz.

Müəssisələrdə məhkumların normadan artıq sayda olması onların ən elementar hüquqları və ehtiyacları baxımından da böhrana səbəb ola bilir. Belə ki, müəssisələrə verilən tibbi ləvazimatlar və təmizlik vasitələri yetərli olmur. Həftədə bir neçə dəfə gün ərzində 1-2 saatlıq verilən isti sudan hər kəs istifadə edə bilmir. Eyni zamanda, hamam, telefon və digər bir çox ehtiyaclar da daha az əlçatan olur.

Azərbaycan hökuməti məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı yol xəritəsi qəbul edib və bunun üçün milyonlarla manat vəsait xərcləyib.

Belə ki, ölkə başçısı İlham Əliyevin 18 dekabr 2018-ci ildə imzaladığı “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın 6.5.2-ci bəndində qeyd olunurdu ki, penitensiar müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı addımlar atılacaq.

Bəs dövlət proqramının icra olunduğu 2019-2023-cü illərdə Penitensiar Xidmətə nə qədər vəsait ayrılıb?

Dövlət büdcəsilə bağlı qəbul olunmuş layihələrə baxdıqda aydın olur ki, proqramın icrası dövründə Penitensiar Xidmətə təkcə dövlət büdcəsindən ümumilikdə 640 milyon 671 min 487 manat vəsait ayrılıb.

  • İllər üzrə ayrılan vəsaitlər

İllər

Vəsaitin həcmi

2023-cü ilin dövlət büdcəsindən

144.023.609 mln. manat

2022-ci ilin dövlət büdcəsindən

136.410.277 mln. manat

2021-ci ilin dövlət büdcəsindən

126.729.230 mln. manat

2020-ci ilin dövlət büdcəsindən

127.691.763 mln. manat

2019-cu ilin dövlət büdcəsindən

105.816.608 mln. manat


“Abzas Media” əməkdaşlarının həbsindən sonra onların araşdırmalarını davam etdirən, beynəlxalq media konsorsiumu olan “Forbidden Stories” və tərəfdaşlarının “Baku Connection” (“Bakı ilə bağlantı”) layihəsi çərçivəsində apardıqları, fevralın əvvəlində dərc olunan araşdırmadan məlum olmuşdu ki,  2014-cü ildən etibarən Azərbaycanda bir sıra inkişaf layihələrini dəstəkləmək məqsədilə Avropa Şurasından 23 milyon avrodan çox vəsait ayrılıb.

Əsasən Avropa İttifaqının büdcəsindən ayrılan bu vəsaitlər həm də ölkədə “həbsxana şəraitinə nəzarətin gücləndirilməsi” üçün nəzərdə tutulub.

“Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası dövründə Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov, ədliyyə naziri isə Fikrət Məmmədov olub. Həsənov 2023-cü ilin iyulunda, nazir Məmmədov isə 2024-cü ilin fevralında vəzifələrindən uzaqlaşdırılıblar. Ancaq onların heç biri hansısa iş üzrə hüquqi məsuliyyətə cəlb olunmayıblar.

Penitensiar Xidmətə uzun illər bu qurumda müxtəlif vəzifələr tutmuş Mirsaleh Seyidov, Ədliyyə Nazirliyinə isə Fərid Əhmədov rəhbər təyin edilib.

Ədliyyə Nazirliyi adətən bu mövzularla bağlı açıqlama almaq üçün Penitensiar Xidmətə müraciət etməli olduğumuzu bildirir. Xidmət isə rəsmi saytında yerləşdirilən heç bir nömrədən zəngimizi cavablandırmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun