Ekspert: “Müstəqil müşahidəçilərin qapalı müəssisələrə girişi əngəllənib”

Ekspert: “Müstəqil müşahidəçilərin qapalı müəssisələrə girişi əngəllənib” Foto: sosial media
12 Mart 2024
Mətni dəyiş

1 saylı Bakı İstintaq Təcridxanasından verilən məlumatda prezident seçkisinin müşahidəçilər olmadan keçirildiyi bildirilib

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisi zamanı 1 saylı Bakı İstintaq Təcridxanasında səsvermə prosesi müşahidəçi olmadan baş tutub. Bu haqda məlumatı “Abzas Media”ya təcridxanada saxlanılan ictimai-siyasi fəallar veriblər. 

“Ümumiyyətlə seçki prosesi hiss olunmurdu. Saxlanılanların əksəriyyəti namizədlərin kimliyilə bağlı yetərincə məlumata malik deyildilər və demək olar ki, bir çoxu ancaq İlham Əliyevi tanıyırdı”, – həbsdə olan mənbələrdən biri deyib.

Bakı İstintaq Təcridxanasından çəkilən video süjetlərdə məhbusların səsverməsi, komissiya üzvlərinin görüntüləri, məhbusların və saxlanılan şəxslərin müsahibələrinə üstünlük verilsə də, məntəqələrdə müşahidəçilərin olduğunu əks etdirən hər hansı görüntüyə rast gəlinmir.   

Qeyd edək ki, builki prezident seçkisi zamanı ölkə üzrə 6537 məntəqədə səs verilib. Bu məntəqələrin 218-i müvəqqəti yaradılan məntəqələr olub ki, onun da 3-ü 29 saylı seçki dairəsinin tərkibində Bakı İstintaq Təcridxanasının daxilində qurulub. Məntəqə sədrlərinin “Report”a verdiyi məlumata görə, 29 saylı Sabunçu seçki dairəsinin 38, 39 və 40 saylı məntəqələrində ümumilikdə 4872 seçici qeydiyyatda olub. 

1 saylı Bakı İstintaq Təcridxanasında  qeydiyyatda olan seçicilər

38 saylı seçki məntəqəsi

1362 seçici qeydiyyatda olub

39 saylı seçki məntəqəsi

1016 seçici qeydiyyatda olub

40 saylı seçki məntəqəsi

1962 seçici qeydiyyatda olub

Mənbə: Report İnformasiya Agentliyi

Müstəqil media və müşahidəçilər təcridxanalarda təşkil olunan seçkini müşahidə etməməsi Penitensiar Xidmətə aid müəssisələr də daxil olmaqla, qapalı müəssilələrdə təşkil olunan səsvermə prosesinin rəqabətliliyi və şəffaflığını sual altında qoyur.

Seçki mütəxəssisi Məmməd Məmmədzadə deyir ki, qanunvericilikdə həbs yerlərində müşahidəçiliyin təşkililə bağlı boşluqlar var. Seçki Məcəlləsinin 35.5-ci maddəsində hərbi hissələrdə keçirilən seçkilərə müşahidəçilərin maneəsiz daxil ola bildiyi qeyd olunsa da, həbsxana və təcridxanalar haqqında oxşar maddə yoxdur.

“Müxtəlif müstəqil müşahidəçilər olub ki, qapalı müəssisələrdə müşahidə aparmağa səy göstəriblər. Bütün hallarda müstəqil müşahidəçilərin qapalı müəssisələrə girişi müxtəlif formada əngəllənib və yaxud da birbaşa icazə verilməyib”, – Məmməd Məmmədzadə bildirir. 

İstintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində seçki prosesi Seçki Məcəlləsinin aşağıdakı maddələrilə tövsif olunur: 

  • 46.6. İstintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahıları müəssisə rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 20 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.
     
  • 46.9. Müəssisə rəhbərləri seçicilər haqqında məlumatları toplayıb dəqiqləşdirir və səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edirlər.
  • 47.6. Barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan şəxslər istintaq təcridxanalarının rəhbərliyinin məntəqə seçki komissiyasına təqdim etdiyi məlumat əsasında seçici siyahılarına daxil edilirlər. 

Məmməd Məmmədzadə deyir ki, bəzən elə hallar olur ki, qapalı müəssisələrin öz əməkdaşları seçki prosesinə müşahidəçi kimi cəlb olunurlar. Bu da həm rəqabətliliyi, həm də şəffaflığı sual altına alır:

“Seçki prosesini təşkil edən var, seçkilərin iştirakçıları var və 3-cü tərəf kimi seçkini müşahidə edənlər – müşahidəçilər var. Bu müşahidəçilər Penitensiar Xidmətin əməkdaşları olduqda, demək olar ki, bütün tərəflər arasında yarış, aşkarlıq və şəffaflıq prinsipləri pozulur”. 

  • Seçki Məcəlləsi, maddə 2.5. Seçkilərin və referendumun hazırlanması və keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının, seçkilərin və referendumun nəticələrinin müəyyən edilməsi açıq və aşkar həyata keçirilir.

Bu maddəyə istinad edən seçki mütəxəssisi deyir ki, seçki məntəqələri açıq tipli olmalıdır. Seçki prosesinin bütün iştirakçılarının giriş-çıxışı açıq şəkildə təmin olunmalıdır.

“Yəni, əgər qapalı məntəqədə seçki məntəqəsi qurulursa, deməli, bu, ictimaiyyət üçün açıq olmalıdır. Məntəqələrdə komissiya üzvlərinin formalaşması zamanı da prinsiplər tamamilə pozulur. Adətən üzvlər iqtidar partiyasının nümayəndələri olur”, – deyə o əlavə edir. 

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən bildirilib ki, seçki prosesini Mərkəzi Seçki Komissiyası (MSK) təşkil edir, sualları ora yönləndirək. MSK-nın mətbuat xidməti  “Abzas Media”nın zənglərinə cavab verməyib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun