Böyük dayanacaq yerlərinə nəzarət edən “Azparking” MMC-nin təmsilçisinə bağlı daha 2 şirkət vaxtilə Bakı Nəqliyyat Agentliyinin elan etdiyi tenderlərdən 2 milyon manata yaxın vəsait əldə edib
Bakıda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Martın 4-dən etibarən Xəqani bağı (Molokan bağı) ətrafında, martın 12-dən sonra isə metronun “28 May” stansiyasının qarşısında şəxsi avromobillərin girişinə qadağa qoyulub.
Dövlət qurumlarının verdiyi açıqlamalarda qeyd olunur ki, paytaxtın çoxmərkəzli inkişafı üzrə planın tərkib hissəsi olan bu tədbirlər şəhərdə avtomobil sıxlığının qarşısını almağa, piyadaların təhlükəsiz hərəkətini təmin etməyə hesablanıb.
“Parklanma sahəsində də müvafiq tədbirlər görüləcək. Çünki bu, şəhərdə səliqəlilik yaratmaq, pozuntuların qarşısını almaq üçün çox vacibdir”. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev martın 11-də Milli Məclisdə keçirilən dinləmələrdə belə demişdi.
Bu açıqlamadan bir neçə həftə sonra sürücülər avtomobil dayancaqlarında tətbiq olunacaq yeni tariflərə dair bildirişlərlə tanış olublar. 4000-dək avtomobil tutumu olan Qış parkındakı yeraltı parkinqin elanına görə, aprelin 1-dən qiymətlər 170 faizədək bahalaşacaq.
Qış parkında “Azparking” MMC-yə məxssus yeraltı dayanacaqda parkinq qiymətləri
Günlük |
Aylıq |
Aylıq (əvvəlki qiymət) |
0-2 saat - 1 manat |
Gün içi (12 saat) - 80 manat |
30 manat |
2-4 saat - 2 manat |
Tam sutka (24 saat) 120 manat |
60 manat |
4-6 saat - 3 manat |
Qonşular tarifi - 50 manat |
20 manat |
6-10 saat - 4 manat |
|
|
10-12 saat - 5 manat |
|
|
12-24 saat - 8 manat |
|
|
Mənbə: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Azadlıq meydanında “Azparking” MMC-yə məxsus yeraltı dayanacaqda qiymətlər
Günlük |
Aylıq |
0-1 saat - 1 manat |
Gün içi (12 saat) - 100 manat |
1-3 saat - 2 manat |
Tam sutka (24 saat) - 140 manat |
3-6 saat - 3 manat |
“Qonşular” paketi - 75 manat |
6-12 saat - 5 manat |
|
12-24 saat - 10 manat |
|
Mənbə: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, qiymətlərin artması əsasən dayanacaqların saxlanma xərclərinin çox olması ilə bağlıdır. Onun sözlərinə görə, avtomobil dayanacaqlarında təkmilləşdirmə işləri də aparılacaq ki, bu da öz növbəsində qiymətlərin qalxmasına səbəb olur.
Bəs Bakıdakı əsas dayanacaq yerləri hansı şirkətlərə məxsusdur?
Hərəkətin məhdudlaşdırıldığı Xəqani küçəsi və el arasında Molokan Bağı kimi tanınan Xaqani Bağındakı əsas dayanacaq yerləri “Paşa Holding”ə aiddir. Holdinqə daxil olan “Paşa İnşaat” MMC-nin rəsmi saytında dərc olunan məlumatda qeyd edilir ki, şirkət Xaqani bağı və Fəvvarələr Meydanında çoxmərtəbəli avtomobil dayanacağı kompleksini inşa edib.
Skrinşot “Paşa İnşaat” MMC-nin veb saytından götürülüb.
Bu avtomobil dayanacaqlarını “North West Construction” MMC inşa edib. Şirkətin rəsmi saytında da qeyd olunur ki, layihə “Paşa İnşaat” MMC-nin sifarişilə həyata keçirilib. Bu dayanacaqların sahibi olan “Paşa Holding” şirkəti Azərbaycan Prezidentinin ailəsinə məxsusdur.
Skrinşot “North West Construction” MMC-nin vebsaytından götürülüb.
Açıq mənbələrdə avtomobil dayanacaqlarının “Paşa Holding”ə nə qədər vəsaitə başa gəldiyinə, onların saxlanması üçün nə qədər vəsaitin sərf olunduğuna və aylıq gəlirlərinin məbləğinə dair hər hansı məlumata rast gəlinmir.
“Azparking” MMC
İri dayanacaq yerlərinə nəzarət edən həm də mətbuatda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təsis etdiyi kommersiya qurumu kimi təqdim edilən “Azparking” MMC-dir.
Halbuki, bu dövlət agentliyi 2021-ci il oktyabrın 11-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılıb. “Azparking” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. 2018-ci ildə təsis olunan “TST Co Group”un adı 2022-ci ildə dəyişdirilib və “Azparking” MMC adı altında AYNA-nın kommersiya şirkəti kimi fəaliyyətə başlayıb.
Şirkətin qanuni təmsilçisi olan Orxan Abbasov eyni ünvanda qeydiyyatda olan “MOBİL-MMXA” MMC və “MOBİLEX” MMC adlı daha iki şirkətin də qanuni təmsilçısidir. Dövlət satınalmalarının rəsmi portalından məlum olur ki, “MOBİLEX” MMC 2020-2023-cü illər arasında Bakı Nəqliyyat Agentliyinin (hazırda AYNA ilə birləşdirilib) daxili informasiya sisteminə müxtəlif texniki xidmətlər adı altında 4 tender üzrə ümumilikdə 1 milyon 259 min 489 manat vəsait əldə edib.
Orxan Abbasovun qanuni təmsilçisi olduğu digər şirkət – “MOBİL-MMXA” MMC isə 2020-ci ildə yeraltı avtomobil dayanacaqlarında nəzarət və xidmət sahələri üzrə müxtəlif elektron təminatlarının təşkilinə görə Bakı Nəqliyyat Agentliyi ilə 665 milyon 968 min 400 manat dəyərində 1 satınalma müqaviləsi imzalayıb.
Bakı Nəqliyyat Agentliyinin elan etdiyi tenderlərin qalibi
Şirkətin adı |
Müqavilələrin başlama və bitmə tarixi |
Nəzərdə tutulan vəsait |
“MOBİLEX” MMC |
30.06.2022 - 30.06.2023 |
47 min 790 manat |
“MOBİLEX” MMC |
01.09.2021 - 01.09.2022 |
425 min 137 manat |
“MOBİLEX” MMC |
06.07.2020 - 05.07.2021 |
420 min 325 manat |
“MOBİLEX” MMC |
06.07.2020 - 05.07.2021 |
366 min 137 manat |
“MOBİL-MMXA LTD” MMC |
18.08.2020 - 17.08.2021 |
665 min 968 manat |
Mənbə: Dövlət satınalmalarının vahid internet portalı - “Etender.gov.az”
Bir sözlə, dövlət qurumunun kommersiya təşkilatı hesab olunan “Azparking” MMC-nin rəhbəri maraqlı şəxs olduğu qurumun tenderlərində əvvəllər, eləcə də “Azparking” MMC AYNA-nın balansına keçdikdən sonra digər şirkətləri vasitəsilə iştirak edib, ümumilikdə 2 milyon manata yaxın vəsait alıb.
2023-ci ilin noyabrında isə “Azparking” MMC-yə məcburi auditdən yayınmaya görə inzibati xəta protokolu tərtib olunub, MMC məhkəməyə verilib.
Dayanacaqlarla bağlı auditi aparılmış maliyyə hesablatları olmadığından, şirkətlərin əldə etdiyi gəlir və xərclər haqqında nəsə demək çətindir. Ancaq Prezident İlham Əliyevin 2023-cü il 29 iyul tarixli Fərmanı ilə “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydası” təsdiq edilib.
Xərclərdə parklanma yerlərinin idarə olunması və saxlanılması ilə yanaşı, o da nəzərdə tutulub ki, vəsaitin 30 faizədək hissəsi işçilərin sosial müdafiəsinin gücləndirilməsinə xərclənsin. Bu isə maraq toqquşması yaradır. Çünki AYNA-nın nizamnaməsində inzibati protokol tərtib edərək cərimə etmək hüququ müəyyənləşib. Qurumun işçilərinin aylıq gəlirlərinin yüksək olması üçün cərimə yazmaqda maraqlı olub-olmayacaqları isə sual altındadır.