Rüfət Səfərov: “Görüşdə “Abzas Media” işi və Qubad İbadoğlunun həbsi geniş müzakirə olundu”
Martın 1-də Bakıda hüquq müdafiəçiləri Almaniya Bundestaqının Hüquq Məsələləri Komitəsinin ayrı-ayrı fraksiyalarının səkkiz deputatı ilə görüşüb.
Abzas Media-ya bu barədə “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.
Görüş Almaniyanın Bakıdakı səfirliyində baş tutub və görüşdə vəkil Zibeydə Sadıqova, hüquqşünas Xalid Ağalıyev də iştirak edib.
R.Səfərov bildirib ki, Almaniyadan gələn nümayəndə heyətinə Bundestaqın Hüquq Məsələləri Komitəsinin sədri Elizabet Vinkelmeyer-Beker rəhbərlik edib:
“İnsan hüquqlarının mövcud durumu, repressiv mühit, siyasi ağırlıqlı inzibati və cinayət təqibləri, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının vəziyyəti, xüsusilə Almaniyadan deportasiya edilən, sonradan saxta ittihamlar üzrə həbs olunan, bəzi hallarda işgəncələrə məruz qalan müxalif fəalların işləri, inanclı şəxslərin kütləvi həbsi və s. müzakirə obyekti oldu”, - deyə o bildirib.
Bir müddətdir ki, Azərbaycanda ictimai siyasi fəallar, jurnalistlər kütləvi həbs edilir. 2022-ci ilin sonlarında ictimai fəal Bəxtiyar Hacıyev, 2023-cü il ərzində isə iqtisadçı alimlər Qubad İbadoğlu və Nazim Bəydəmirli, işçi hüquqlarının müdafiəçisi Afiəddin Məmmədov və bir qrup gənc fəal həbs edilib. Son olaraq 2023-cü ilin noyabr ayından bəri ölkədə 10-dan çox jurnalist saxlanılıb. “Abzas Media” rəhbərliyi və əməkdaşları kütləvi şəkildə həbs olunub. Paralel olaraq “Kanal 13” internet televiziyasının rəhbəri və əməkdaşları da həbsə məruz qalıblar.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi sifariş hesab edir və həbs olunanların azadlığa buraxılmasına çağırır.
Hüquq müdafiəçiləri ölkədə hazırda 250-dən çox siyasi məhbusun olduğunu bildirirlər.