“Toplum TV işi” üzrə verilən heç bir vəsatət təmin olunmur
Martın 29-da “Toplum TV” müstəqil internet televiziyasının təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Media mütəxəssisinin vəkili Aqil Layıc deyir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilməyib. Onun sözlərinə görə, Ələsgər Məmmədli məhkəmədə səhhətindəki problemlərin kəskinləşdiyini bildirib.
“Ələsgər Məmmədlinin dediyinə görə, boğazındakı onkoloji şişin həcmi böyüyür və boğulma verir. Təcili biopsiya edilməlidir. Həmçinin onun saxlanıldığı otaqda siqaret çəkirlər deyə, bu, onda boğulma yaradır. Bu gün təzyiqi kəllə-çarxa qalxmışdı. Məhkəmədə dərman verildi”, - vəkil “Facebook” hesabında yazıb.
Aqil Layıc bildirib ki, Ələsgər Məmmədlinin müalicə müəssisəsinə köçürülüməsi üçün rəsmi müraciət də edilib.
“Ona görə ev dustaqlığına buraxılmalı idi ki, müalicə ala bilsin. Bu humanitar məsələ idi. Amma buraxılmadı.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə rəsmi elektron müraciət etdim ki, o, müalicə müəssisəsinə köçürülsün, ən azından, müalicəsini və müayinəsini orada davam etdirə bilsin”, - deyə vəkil qeyd edib.
Bu günlərdə Ələsgər Məmmədlinin vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar işə təcili baxılmasını nəzərdə tutan 39-cu maddəyə uyğun olaraq şikayət veriblər.
“İstanbul Hospital”ın həkimləri martın 8-də saxlanılan Ələsgər Məmmədlinin müxtəlif orqanlarında şişlər aşkar ediblər. Ən böyük - 22 mm-lik şiş qalxanabənzər vəzidə tapılıb. Klinikada aşkar edilmiş şişlərin biopsiyasını tövsiyə ediblər.
Martın 6-da Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyası ilə bağlı polis əməliyyat keçirib.
İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Əməliyyatlar çərçivəsində Akif Qurbanov, Müşfiq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev cinayət məsuliyyətinə cəlb olunaraq həbs ediliblər.
Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb olunublar və polis nəzarətinə buraxılıblar.
Martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Ələsgər Məmmədli həbs edildiyi gün onun mənzilində axtarış aparılıb, polis 7300 avro tapıldığını bildirib. Məmmədli bu pulun ona məxsus olmadığını deyir.
Martın 9-da Bakının Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin dörd ay istintaq təcridxanasında saxlanılması barədə qərar verib. Martın 15-də Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
Məmmədli xarici valyutanın qanunsuz yolla Azərbaycana gətirilməsində ittiham olunur.
“Toplum TV” kollektivi bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya təzyiq kimi qiymətləndirib. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.