Ölkəyə xaricdən gətirilən ət yerli bazarda 2 dəfə baha satılır

Ölkəyə xaricdən gətirilən ət yerli bazarda 2 dəfə baha satılır Foto: Sputnik
5 Mart 2024
Mətni dəyiş

Azərbaycanda ət tələbatının 50 faizi ödənmir

İl ərzində ölkədə istehlak olunan ət və ət məhsulları xaricdən ucuz qiymətə alınsa da, Azərbaycanda dəyərindən 2 dəfə baha satılır.

Hakimiyyət nümayəndələri yerli bazarda ət qiymətlərinin qalxmasını insanların kənd təsərrüfatı işlərinə maraq göstərməməsilə əlaqələndirsə də, mütəxəssislər başlıca səbəb kimi inhisarı göstərirlər.

Aqrar sahə üzrə iqtisadçı ekspert Vahid Məhərrəmli Abzas Media-ya deyir ki, Azərbaycan ümumiyyətlə özünün ətə olan tələbatını ödəyə bilmir, buna görə də xaricdən dondurulmuş mal və toyuq əti idxal edir:

“Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi beynəlxalq normalara görə, hər bir insan il ərzində 78 kq ət qəbul etməlidir. Azərbaycanda bu normaların təmin olunması üçün 800 min ton ət istehsal edilməlidir, amma cəmi 300 min ton ət istehsal edir. Xaricdən kəsim üçün 50 min tonluq diri heyvan gətirilir. Diri gətirib burada kəsirlər deyə, yerli istehsal hesab olunur. Bunu da nəzərə aldıqda, ət istehsalı ümumilikdə 350 min ton təşkil edir. Yəni, Azərbaycan idxal hesabına da ətə olan ehtiyacın heç 50 faizini ödəyə bilmir”, – deyə o bildirir.

Azərbaycanda ət istehsalı illər üzrə (min ton)

                      Azərbaycanda ət istehsalı illər üzrə (min ton)

İllər

Ət cəmi

Mal əti

Qoyun və keçi

Donuz

Quş

2018

326

135,6

80,8

0,5

109,1

2019

335,7

137,9

85,3

0,5

112

2020

346

143,1

87

0,5

115,4

2021

357,6

145

87,7

0,5

124,4

2022

368,2

148,6

89

0,5

130,1

Mənbə: Dövlət Statistika Komitəsi

 

Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunur ki, 2023-cü ildə Azərbaycana 86 milyon 739 min dollar dəyərində (148 milyon manat) 41 708 ton ət idxal olunub.

Ölkəyə ət idxalı əsasən Gürcüstan, Rusiya, Belarus, Braziliya və Hindistandan həyata keçirilir. Rusiya ilə müharibəyədək bu siyahıda Ukrayna da olub.

Ekspert deyir ki, quru sərhəd açıq olanda insanlar diri heyvanı Rusiyadan, Gürcüstandan gətirirdi. Həmin vaxt ətin qiyməti indikindən 30-40 faiz ucuz idi.

“Ancaq indi sərhəd bağlıdır, idxal öz əllərindədir. Bu idxalla xüsusi adamlar məşğul olur. Onlar oliqarx məmurların yaxınlarıdır, bazardakı vəziyyəti yaxşı bilirlər. Əti ucuz qiymətə gətirib, baha satırlar.

Təxminən 3 manat yarıma alınaraq ölkəyə idxal edilən ət Azərbaycanda 8 manata satılır. İnhisar olduğu üçün ölkəyə gətirilən ət alıcılara idxal dəyərindən 2 dəfə baha qiymətə verilir.

Bu gün Rusiyanın mərkəzi bazarında mal ətinin qiyməti Azərbaycan pulu ilə 8.50 manatdır. Azərbaycanda isə 16 manat. Ona görə də inhisarçılar gedib oradan ucuz alaraq burada ikiqat qiymətə satıb böyük qazanc əldə edə bilirlər”, - Vahid Məhərrəmov bildirir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda ümumdünya göstəricilərindən təxminən 25 faiz az ət istehlak edilir. Onun da fikrincə, ölkədə ət çatışmazlığı var:

“Fərdi təsərrüfatlarda yetişdirilən heyvanlar zamanla azalır və buna görə də yerli istehsalçılar qiymətləri artırırlar. Eyni zamanda bazarda 3-cü oyunçu yaranıb – alverçilər. Onlar ətin istehsalçıdan istehlakçıya birbaşa satılmasına imkan vermirlər, özləri alıb üzərinə qiymət qoyub baha satırlar”.

E.Hüseynov deyir ki, ətə olan tələbatın və idxalın çox olması bəzən keyfiyyət və şəffaflıqla bağlı problemlər də yaradır.  

“Xaricdən diri heyvan və ət məhsulları gətirilir. Əsasən Hindistandan çox ucuz qiymətə keyfiyyətli camış əti gətirilir və kolbasaların, sosislərin hazırlanmasında istifadə olunur. Gürcüstandan və Rusiyadan gətirilən ətlər isə bazarlarda açıq satılır.

Ancaq bəzən satış zamanı tələblər pozulur. Nazirlər Kabinetinin 94 saylı qərarında qeyd olunur ki, idxal olunan ət xüsusi şəkildə qablaşdırılmalı və üzərində harada istehsal olunduğu yazılmalıdır, ancaq biz görürük ki, əksər hallarda buna əməl olunmur”, – deyə o bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun