Hollivud film rejissoru Oliver Stounun Azərbaycanın prezidenti İlham Əliyevi tərənnüm edən sənədli film çəkəcəyi bildirilib.
“OCCRP”nin əldə etdiyi daxili “E-mail” yazışmalarına görə, artıq filmin büdcəsi də müəyyənləşibmiş -15 milyon dollar.
“İlham Əliyev Müstəqil Azərbaycanın Ümidi və Tarixi” adlandırılan və 2021-ci ildə hazır olacaq 124 dəqiqəlik sənədli filmin çəkilməsi üçün vasitəçiliyi isə ABŞ-da yaşayan sənədli film rejissoru İqor Lopatonok edib. Lopatonok kino ictimaiyyətində Putini dəstəkləyən rejissor kimi tanınır.
Yazışmalara görə, Oliver Stoun İlham Əliyevlə şəxsən görüşüb onunla müsahibə alacaqmış. Rejissorun verdiyi suallar tək İlham Əliyevin “lider kimi ortaya çıxması, dövlət başçısı vəzifəsinə yüksəlişi” ilə bağlı yox, həm də Azərbaycanın rəngarəng və heyranedici tarixi haqqında olacaqmış.
“Vyetnam Müharibəsi”, “Con Kennedinin qətli” kimi filmlərin rejissoru olan Oliver Stoun Qərb mediası tərəfindən avtokratların və diktatorların rejissoru adlandırılıb.
O, Rusiya prezidenti Vladimir Putin və Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevlə müsahibələr zamanı onların demokratiyanı qaralayan ittihamlarına səssiz qaldığına görə tənqid olunub.
Oliver Stoun Rusiyanın Ukraynaya hücumundan sonra Lukaşenko haqqında çəkəcəyi filmi dayandırıb. Üzərindən iki il keçməsinə baxmayaraq, İlham Əliyev haqqında film də lent' alınmayıb.
Bu filmlərin çəkilişini təklif edən sənədli film rejissoru Iqor Lopatonok “OCCRP”yə açıqlamasında deyib ki, Oliver Stoun filmin qəhrəmanlarının diktatorlar olacağını, yəni onlardan bəhs edəcəyini bilirdi. Stoun və onun meneceri isə iddialara dair jurnalist sorğularına cavab verməyib.