ABŞ Dövlət Departamenti 2023-cü il üçün dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını yayımlayıb.
Aprelin 22-də yayımlanan hesabatın Azərbaycana dair hissəsində ötən ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan, bunun nəticəsində demək olar ki, bütün erməni əhalinin bölgəni tərk etməsindən, məhbuslara qarşı pis rəftardan, ifadə və media azadlıqlarının sərt məhdudlaşdırılmasından, adamların öz hökumətlərini azad və ədalətli seçki yolu ilə dəyişə bilməməsindən bəhs olunur.
Qeyd edilir ki, Azərbaycan hökuməti insan haqları pozuntularını törədən məmurların cəzalandırılması üçün vacib addımlar atmayıb.
Hesabatda vurğulanır ki, Azərbaycanda qanunsuz həbslər, məhbusların elementar hüquqlarının pozulması, onlara qarşı pis rəftar, hüquq-mühafizə orqanlarında korrupsiya və cəzasızlıq sistemli şəkildə davam edir.
Qeyd edilir ki, il ərzində rəsmilər İranla əlaqəli olduqları iddiaları ilə hökumətin qərar verdiyi qurumların xaricində ibadət edən saysız şiə müsəlmanı həbs edib. Bəzi vətəndaş cəmiyyəti nümayəndələri minlərlə həbs və zorla etirafa dair çox sayda inandırıcı iddialar irəli sürüb. Bu həbslərin İran casus şəbəkələrini hədəfə aldığı bildirilsə də, ittihamların bir çoxunun narkotiklə bağlı olduğu məlum olub.
Sənəddə hökumətin və ya onun məmurlarının il ərzində özbaşına və ya qeyri-qanuni qətllər törətdiyinə dair məlumatların olduğu da bildirilir.
Qeyd edilir ki, fevralın 28-də Salyan rayonundakı 5 saylı Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişən məhkum Sübhan Ağayevin saxlanılması və fiziki işgəncəyə məruz qalması barədə mötəbər məlumatlar var. Ailəsi onun meyitinin ayaq biləklərində izlər və başında açıq yaraları olan fotoşəkillərini yayıb. Rəsmilər ailəsinə onun kəskin ürək çatışmazlığından öldüyünü bildiriblər. Prokurorlar ailənin iddialarına cavab olaraq onun ölümünü araşdırıblar. İstintaqdan sonra məhkəmə həbsxana rəisinin köməkçisini 2000 manat (1180 ABŞ dolları) cərimələyib, lakin noyabr ayına kimi cinayət işi açılmayıb.
Bildirilir ki, il ərzində işgəncələrlə bağlı çoxsaylı etibarlı hesabatlar olub. Bu cür məlumatlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən, xalq arasında “Bandotdel” kimi tanınan, eləcə də rayon polis şöbələrindən gəlməkdə davam edib.
Sənəddə qeyd edilir ki, COVID-19 başlamazdan əvvəl nüfuzlu bir təşkilat tərəfindən həyata keçirilən həbsxana monitorinqinə əsasən, həbsxana şəraiti bəzən həddindən artıq sıxlıq səbəbindən ağır və potensial olaraq həyat üçün təhlükə yaradıb; qeyri-kafi qidalanma, istilik, havalandırma və kanalizasiya çatışmazlığı və zəif tibbi xidmət. Məhbuslar hökmü gözləyərkən saxlandıqları yerli məhkəmələrin izdihamlı zirzəmilərindəki qeyri-insani şəraitdən şikayətləniblər.
Əlavə edilir ki, Azərbaycanda rəsmi zaminlik sistemi mövcud olsa da, ötən il ərzində bu sistemdən istifadə edilməklə həbsdən azad edilən olmayıb.
Bildirilir ki, Azərbaycanda şübhə doğuran ittihamlarla həbslər praktikasından geniş istifadə olunur. Söhbətin ilk növbədə polisə müqavimət, qanunsuz narkotik maddə və silah saxlanması, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlardan getdiyi qeyd olunur.
Hesabatda vurğulanır ki, hakimlərin və prokurorların prezident administrasiyasından və Ədliyyə Nazirliyindən verilən göstərişlərlə işlədiklərinə dair inandırıcı məlumatlar mövcuddur.
Həmçinin əlavə edilir ki, konstitusiyaya görə prokurorlar və vəkillərin statusları bərabər olsa da, hakimlər vəsatətlərə münasibətdə daha çox prokurorların mövqelərinə üstünlük verirlər. Hesabatda habelə saxta şahidlərdən geniş istifadə edildiyi də vurğulanır.
Dövlət Departamentinin hesabatında vurğulanır ki, Azərbaycan qanunları mətbuat və media da daxil olmaqla ifadə azadlığına təminat versə də, hökumət bu hüquqları bir qayda olaraq pozur.
Qeyd edilir ki, ötən ilin noyabrın 20-dən hakimiyyət 11 jurnalisti və bir neçə hökumət tənqidçisini, o cümlədən hüquq müdafiəçisi və yüksək səviyyəli siyasi müxalifət xadimini həbs edib. Onların bəbsxanada fiziki zorakılığa məruz qalmaları ilə bağlı etibarlı məlumatlar var. Həbslər və ittihamlar geniş şəkildə onların ifadə azadlığından istifadə etmələri ilə əlaqələndirilib.
Bildirilir ki, hökumət jurnalistlərin azad fəaliyyətini məhdudlaşdırır. Jurnalistlərin, blogerlərin, habelə ölkədə və xaricdə olan fəalların, onların qohumlarının üzərinə təzyiqləri ilə özünə qarşı tənqidlərin qarşısını almağa çalışır.
Hesabatda vurğulanır ki, il ərzində hökuməti tənqid edən beynəlxalq və müstəqil internet saytlarının bloklanması davam edib.
Yerli müşahidəçilər müstəqil media orqanlarının jurnalistlərinin təqiblərə və kiberhücumlara məruz qaldığını bildiriblər.
Bildirilir ki, hökumət müstəqil jurnalistləri, xüsusən də hökumət rəsmilərini tənqid edən və ya korrupsiya faktlarını araşdıran jurnalistləri müntəzəm olaraq həbs etməyə davam edib.
Avropa İttifaqının Xarici Fəaliyyət sözçüsünün dekabrın 21-də yaydığı bəyanatında həbslərin “Azərbaycanda müstəqil jurnalistika üçün məkanın daralması və ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı ciddi narahatlıq doğurduğunu” bildirib.
Sənəddə deyilir ki, hökumətin yaratdığı şəraiti faktiki olaraq sərbəst toplaşma azadlığının qadağası kimi qiymətləndirmək olar.
Qanunlar habelə ölkədəki QHT-lərin fəaliyyətini son dərəcə məhdudlaşdırdığı da hesabatda vurğulanır.
Hakimiyyət qanunlardan istifadə edərək QHT-lərin fəaliyyətinə dair cinayət işləri açır. Vurğulanır ki, belə bir şəraitdə çox az QHT fəaliyyət göstərə bilir.
Hesabata görə, Azərbaycanda QHT-lərin qrant almasını tənzimləyən qanunlar elə yazılıb ki, faktiki olaraq onun alınmasını mümkünsüz edir.
Hesabatın korrupsiyayla mübarizə ilə bağlı hissəsində deyilir ki, Azərbaycan hökuməti “aşağı səviyyəli” korrupsiya ilə əlaqədar müəyyən irəliləyiş əldə etsə də, korrupsiyanın ən yüksək səviyyəli rəsmilər arasında davam etdiyinə dair məlumatlar var.
Sənəddə vurğulanır ki, bir sıra yüksək vəzifəli rəsmilər barəsində açılmış cinayət işləri istintaq mərhələsində qalır.
Azərbaycan hökuməti bir qayda olaraq insan haqları ilə bağlı hesabatlardakı tənqidləri qəbul etmir, onları böhtan və qərəz adlandırır.
Rəsmilər iddia edirlər ki, ölkədə heç kəs siyasi və peşə fəaliyyətinə, habelə azadlıq və hüquqlarından istifadəyə görə təqib olunmur. Onlar bildirirlər ki, həbs və saxlanmalar konkret qanun pozuntularına görə baş verir.
Azərbaycan ölkədə siyasi məhbusların olmasına dair iddiaları rədd edir.