Hazırda müxalif partiyanın 11 üzvü müxtəlif ittihamlarla həbsdədir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elxan Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. E.Əliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (saxta sənəddən istifadə) maddələrilə təqsirli bilinib.
AXCP isə Elxan Əliyevin həbsini siyasi sifariş hesab edir və partiyaya növbəti təzyiq olduğunu bildirir:
“2 dəfə insult keçirmiş ağır xəstə, 3 azyaşlı uşaq atası Elxan Əliyev heç bir cinayət törətmədiyi halda sifarişli məhkəmə tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edildi. Azərbaycan hakimiyyəti ölkə Konstitusiyasını və qanunlarını gözlərimiz önündə növbəti dəfə ayaqlar altına atıb tapdaladı. İlham Əliyev ölkəmizi israrla Türkmənistan standartlarına uyğunlaşdırmağa çalışır”, - partiya sədri Əli Kərimli məhkəmənin önündəki çıxışında bildirib.
Elxan Əliyevlə birlikdə başqa iki nəfər barəsində də ittihamedici hökm çıxarılıb, ancaq onlar şərti həbs cəzası alıblar.
Elxan Əliyevdən başqa daha on “cəbhəçi” - Razi Alışov, Niyaməddin Əhmədov, Aqil Hümbətov, Əlizamin Salayev, Elbəyi Kərimli, Elnur Həsənov, Sahib Məmmədzadə, Şahin Hacıyev, Pünhan Kərimli, Mütəllim Oruc da müxtəlif ittihamlarla həbsdədir.
Hüquq müdafiəçiləri onları siyasi məhbus hesab edirlər.