İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının ümumilikdə 3 üzvü hazırda həbsdədir
Aprelin 2-də işçi hüquqlarının müdafiəçisi Ayxan İsrafilov 3 il azadlıqdan məhrum edilib. Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyilə keçirilən prosesdə elan edilib.
İsrafilov ötən ilin avqustunda saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 234-cü maddəsinin ağır bəndlərilə ittiham irəli sürülsə də, sonradan iş 234.1.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəyə tövsif olunub.
Fəal özü narkotik ittihamını rədd edir və siyasi fəaliyyətinə görə həbs edildiyini deyir.
Ayxan İsrafilov İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvüdür. Bu təşkilat müstəqil fəaliyyət göstərib və xüsusilə kuryerlərin hüquqlarının müdafiəsilə bağlı müxtəlif tədbirlər təşkil edib.
İsrafilovla eyni dövrdə təşkilatın sədri Afiəddin Məmmədov və üzvü Elvin Mustafayev də müxtəlif ittihamlarla həbs ediliblər.
Hüquq müdafiə təşkilatları Ayxan İsrafilovu və digər iki fəalı siyasi məhbus hesab edir, onlara qarşı irəli sürülmüş ittihamları uydurma sayırlar və bildirirlər ki, fəalların həbsləri işçi hüquqlarını müdafiə etdiklərinə görədir.