İmran Əliyev toka verildiyini açıqladığına görə yenidən işgəncəyə məruz qalıb

İmran Əliyev toka verildiyini açıqladığına görə yenidən işgəncəyə məruz qalıb Foto: Sosial Media
24 Aprel 2024
Mətni dəyiş

Apellyasiya Məhkəməsi onu həbsdə saxlayıb

Parlamenti monitorinq edən "Məclis.info” platformasnın rəhbəri İmran Əliyev toka verildiyini açıqladığına görə yenidən işgəncələrə məruz qalıb.

Bu barədə “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat yayıb.

"Jurnalist İmran Əliyevin işgəncəyə məruz qalması, bədəninə elektrik cərəyanı verilməsi barədə məlumat vermişdik. Bu məlumatlar ictimailəşəndən sonra Xətai Rayon Polis İdarəsində İmran Əliyevi yenidən işgəncələrə məruz qoyublar, “Niyə mediaya, yaxınlarına xəbərçilik edirsən?” sualını veriblər" - R.Səfərov Feysbuk hesabında yazıb.

Aprelin 24-də Apellyasiya Məhkəməsi parlamenti monitorinq edən "Məclis.info” platformasının rəhbəri İmran Əliyevin şikayətini təmin etməyib və o, həbsdə qalıb.

"Xətai Rayon Məhkəməsində çıxarılan 2 ay 1 günlük həbs qətimkan tədbirinin dəyişdirilməsilə bağlı şikayət verilmişdi. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etmədi, birinci instansiya məhkəməsinin qərarını olduğu kimi saxladı" - İ.Əliyevin yaxınları bildirib.

İ.Əliyev aprelin 18-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları onu polisə təhvil veriblər. 

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay bir gün həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, polislər İmran Əliyevə döyüb toka verərək, zorla sənəd imzalatdırıblar. Əliyevin "Abzas Media işi" üzrə həbs olunduğu bildirilir.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını qəbul etsə jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Fevralın 24-dən başlayaraq "Abzas Media işi" üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay artırılıb.

Beynəlxalq təşkilatlar bu qərarları istintaqın əsassız aparılması ilə əlaqələndirib, jurnalistlər üzərində təzyiq olduğunu bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun