“Meclis.info” platformasının rəhbəri İmran Əliyevə qarşı yeni ittiham irəli sürülüb.
“Abzas Media”ya bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, media rəhbəri artıq Cinayət Məcəlləsinin 206.3.1 (Qaçaqmalçılıq - təkrar törədildikdə) maddəsilə də təqsirləndirilir.
Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransı baş tutub. Konfransda prezident Əliyevə İmran Əliyevlə bağlı sual verilib. İlham Əliyev jurnalistlərin həbsini təsdiqləsə də, bunun qanunsuz olmadığını bildirib.
İmran Əliyevə qarşı ittihamların ağırlaşdırılması bundan sonraya təsadüf edib.
İ.Əliyev aprelin 18-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları onu polisə təhvil veriblər.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay bir gün həbs qətimkan tədbiri seçilib.
Məlum olub ki, polislər İmran Əliyevi döyüb, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzalatdırıblar.
Əliyev “Abzas Media işi” üzrə həbs olunub. Bu, eyni iş üzrə artıq yeddinci həbsdir.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını əsaslı sayarsa, jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.
Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Fevralın 24-dən başlayaraq “Abzas Media işi” üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay uzadılıb.
Beynəlxalq təşkilatlar bu qərarları istintaqın əsassız aparılması ilə əlaqələndirib, jurnalistlər üzərində təzyiq olduğunu bildiriblər.