Son aylarda onlarla ictimaiyyət nümayəndəsi istintaqa çəkilib
Sosial Hüquqlar Mərkəzinin əməkdaşları Ayşən Muradova və Qədir Qədirli Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Abzas Media-ya bu barədə onların yaxınları məlumat verib. Ancaq hansı iş üzrə çağırılmaları bildirilməyib.
"Ayşən Muradova 24 aprel saat 16:00-da, Qədir Qədirli isə 25 aprel saat 11:00-da idarədə olacaqlar" - bildirilib.
Bir neçə gün əvvəl Ayşən Muradova Türkiyədə yaşayan ailə üzvlərinin yanına getmək istəyərkən hava limanında saxlanılıb. Bildirilib ki, Daxili İşlər Nazirliyi onun ölkədən çıxışına qadağa qoyub.
Ayşən Muradovadan da başqa bir sıra ictimaiyyət nümayəndəsinin ölkədən çıxışına stop qoyulduğu bildirilir.
Bundan əvvəl hökumətə yaxın "Qafqazinfo" saytında dərc olunan "Abzas Media və Toplum Tv işində yeni faktlar" sərlöhvəli məqalədə adlar qeyd olunmasa da, ictimai fəallara qarşı polis əməliyyatlarının anonsu verilib.
21 apreldə "Sputnik" xəbər agentliyinin yayımladığı ""Kapitan Qrantın Uşaqları": Qərb Azərbaycan QHT-lərini necə maliyyələşdirir?" adlı məqalədə Sosial Hüquqlar Mərkəzinin və Ayşən Muradovanın da adı qeyd edilib.