“Human Rights House”: Anar Məmmədli dərhal azadlığa buraxılmalıdır

“Human Rights House”: Anar Məmmədli dərhal azadlığa buraxılmalıdır Foto: Amerikanın Səsi
1 May 2024
Mətni dəyiş

Təşkilat nüfuzlu Vaslav Havel mükafatının laureatı olan seçki mütəxəssisi və hüquq müdafiəçisinin həbsini Azərbaycan hökumətinin qisas aktı kimi dəyərləndirib

“Human Rights House” beynəlxalq insan haqları təşkilatı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədlinin saxlanılmasını pisləyən bəyanat yayıb. Bəyanatda Azərbaycan hökumətindən onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələb olunur.

Sənəddə qeyd edilir ki, 2024-cü il fevralın 7-də keçirilən son prezident seçkilərindən əvvəl və sonra dövlətin nəzarətində olan media amansız qarayaxma kampaniyasında Məmmədlini və SMDT-ni də hədəfə alıb. 

“Biz qorxuruq ki, Anar Məmmədlinin seçkidən qısa müddət sonra saxlanılması onun müstəqil və qanuni seçki müşahidəsi və təbliğat səylərinə görə qisas aktıdır”, –  deyə bəyanatda deyilir.

Məmmədliyə yaxın şəxslərə və mətbuatda yayılan məlumatlara görə, o,  2024-cü il aprelin 29-da günorta saatlarında Bakıda avtomobilə mindirilərək saxlanılıb. Polis onun evində axtarış zamanı vəkilinin iştirakına icazə verməyib, valideynlərinin evində aparılan axtarış da vəkili olmadan həyata keçirilib. 

“2024-cü il aprelin 30-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Anar Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan qrup şəklində qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Məmmədlinin işinin 2023-cü ilin noyabrında azad mediaya və müstəqil vətəndaş cəmiyyətinin qalan hissəsinə qarşı növbəti qəddar basqının başlanğıcı olan “Abzas Media” jurnalistlərinin işi ilə birləşdirildiyi bildirilir. O vaxtdan bəri 10-dan çox jurnalist və hüquq müdafiəçisi saxta ittihamlarla həbs edilib və 2024-cü ilin martında başqa bir media platforması olan Toplum TV-yə basqın edilib. İddia edilən işgəncələr, pis rəftar və məhbusların hüquqlarının digər pozuntuları ilə bağlı xəbərlər yayılıb”, – sənəddə bildirilir.

Azərbaycanda siyasi məhbusların sayının 288 nəfəri ötdüyünü qeyd edən “Human Rights House” bəyan edib ki, Anar Məmmədlinin Azərbaycanın 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 Konfransına ev sahibliyi etməsinə aylar qalmış həbs olunması hökumətin müxalif düşüncənin kökünü kəsmək və hüquq müdafiəsi işinə qanuni müdaxilələri dayandırmaq cəhdidir.

“Buraya onun 2024-cü ilin martında beynəlxalq vətəndaş cəmiyyəti təşkilatları tərəfindən təşkil edilən əlavə tədbirlərdə çıxışı zamanı BMT-nin İnsan Hüquqları Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında beynəlxalq vəkillik işində iştirakı daxildir. Məmmədli bu və digər tədbirlərdə Azərbaycanda fundamental azadlıqların pozulduğunu vurğulayaraq, siyasi məhbusların azadlığına, hüquq müdafiəçiləri üçün hüquqi və siyasi mühitin təkmilləşdirilməsi üçün çağırışlar edib. Bu çağırışlar həm də Azərbaycanda vətəndaş cəmiyyəti layihəsi olan, COP29-dan ölkədə vətəndaş cəmiyyəti məkanını bərpa etmək fürsəti kimi istifadə etməyə çalışan yeni yaradılmış İqlim Ədalət Təşəbbüsünün tövsiyələrinə uyğun idi”.

Bəyanatda o da qeyd olunur ki, Anar Məmmədli 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərindən sonra 2 il 6 ay həbsdə olub və siyasi məhbus kimi tanınıb. 

“Anar Məmmədli 2014-cü ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən verilən nüfuzlu İnsan Hüquqları üzrə Vatslav Havel Mükafatını alıb. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) onun həbsini siyasi motivli hesab edib. Avropa Şurası Nazirlər Komitəsinin israrlı çağırışlarına baxmayaraq, Azərbaycan hakimiyyəti hələ də bu qərarı tam olaraq icra etməyib. Azərbaycanın Anar Məmmədliyə qarşı əvvəlki qanunsuz hökmü hələ də ləğv edilməyib, onun mülki və siyasi hüquqları bərpa edilməyib və ona təzminat ödənilməyib”, – deyə bəyanatda vurğulanır.

“Human Rights House” Azərbaycan hökumətindən Anar Məmmədliyə qarşı bütün ittihamların ləğv edilməsini, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə hörmətlə yanaşmasını, AİHM-in Məmmədli qrupu üzrə qərarını tam şəkildə yerinə yetirməsini, ölkədə müstəqil səslərə qarşı təqiblərə son qoyulması və bütün siyasi məhbusların qeyd-şərtsiz azad edilməsini tələb edib.

“Human Rights House” Birləşmiş Millətlər Təşkilatını və Avropa Şurasının orqanlarını, eləcə də Avropa İttifaqı institutlarını və bütün həmfikir dövlətləri Bakıda keçiriləcək COP29-un yaratdığı dinamikadan istifadə edərək bir sıra mövzuları reallaşdırmağa çağırıb:  

      1) Bütün ikitərəfli və çoxtərəfli platformalarda siyasi məhbusların sayının artması məsələsi Azərbaycan hakimiyyəti qarşısında qaldırılmalı və tənqidi səslərin təqibinə son qoyulması xahiş edilməlidir;
 

       2) Bütün siyasi məhbusların dərhal azad edilməsi və hüquqlarının bərpası tələb edilməlidir;
 

       3) Ölkə COP29 kimi qlobal meqa-tədbirlər və konfranslar üçün potensial ev sahibi olaraq qiymətləndirildikdə, onun siyasi məhbuslarla münasibətdə göstərdiyi göstəricilər, habelə insan hüquqları müdafiəçiləri və daha geniş müstəqil vətəndaş cəmiyyəti üçün əlverişli mühiti təmin edib-etməməsindən əmin olmaq lazımdır.

Bəyanatı dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 20-dək insan haqları təşkilatı imzalayıb.

Azərbaycan hökuməti hələlik Anar Məmmədlinin həbsinə olan beynəlxalq reaksiyalara münasibət bildirməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun