Daxili İşlər Nazirliyinin "Haqqında məlumatımız yoxdur" dediyi ictimai fəal polis idarəsindən tapılıb
İyunun 15-də Nida Vətəndaş Hərəkatının (N!DA) üzvü Nicat Əmiraslanovu polis saxlayıb.
"Abzas Media"ya bu barədə onun yaxınları məlumat verib. Yaxınları bildirib ki, Əmiraslanov gündüz saatlarında Qazax rayonundakı evindən qısa müddətə qayıdacağını deyərək çıxıb, sonradan ondan saatlarla xəbər almaq mümkün olmayıb. Yalnız axşam saatlarında onun saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə gətirilməsi ilə bağlı məlumat yayılıb.
Nicat Əmiraslanovun hansı səbəbdən saxlanıldığı aydın olmasa da, bildirilib ki, ictimai fəal hazırda Xətai Rayon Polis İdarəsində saxlanılır.
Ötən gün Daxii İşlər Nazirliyi (DİN) ümumiyyətlə onunla bağlı məlumata malik olmadığını açıqlamışdı.
Nicat Əmiraslanovun Almaniyadan Azərbaycana qayıdarkən Bakıda saxlanılan jurnalist Şirin Abbasovun ifadələri əsasında saxlanıldığı ehtimal edilir.
Qeyd edək ki, 8 ildən çox Almaniyada mühacirətdə olan jurnalist Şirin Abbasov iyunun 14-də səhər saatlarında Azərbaycana qayıdarkən Bakıda - hava limanında saxlanılıb.
O, iyunun 15-də Binəqədi Rayon Məhkəməsinə çıxarılıb.
Şirin Tire kimi tanınan jurnalist 2015-ci ildə ölkəni tərk edəndən sonra onun haqqında 8 il əvvəl Cinayət Məcəlləsinin 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddəsilə cinayət işi başlanıb və həbsli axtarış qərarı çıxarılıb. İyunun 14-də Azərbaycana qayıdarkən onun saxlanması sözügedən cinayət işi və axtarışda olmasıyla əlaqələndirilib.
İyunun 15-də məhkəmədə məlum olub ki, Baş Prokurorluq məhkəməyə həbsli axtarış qərarının ləğvi üçün təqdimat verib.
Məhkəmə də təqdimatı təmin edib və onun barəsində həbs qərarı ləğv olunub. Lakin barəsində cinayət işinə xitam verilməyib.
Şirin Abbasov haqqında başqa növ qətimkan tədbiri seçilib, azadlıqda saxlanılaraq, istintaqın davam etdiriləcəyi, yoxsa cinayət işinə ümumiyyətlə, xitam veriləcəyi hələ məlum deyil.
Son 7 ayda Azərbaycanda jurnalistlər, ictimai-siyasi fəallar ardıcıl şəkildə saxlanılır, həbs olunurlar. "Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq"ın açıqladığı son hesabata görə, ölkədə 300-dən çox siyasi məhbus var.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hökumətini siyasi həbsləri dayandırmağa, həbs edilənləri azadlığa buraxmağa çağırıb. Hökumət rəsmiləri isə bir qayda olaraq ölkədə siyasi məhbus olmadığını bildirirlər.