“Abzas Media” yaydığı bəyanatda Fərid Mehralızadənin bu media ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb
İyunun 24-də bir qrup iqtisadçı həbsdə olan həmkarları Fərid Mehralızadənin azadlığa buraxılması üçün dövlət qurumlarına müraciət edib.
“Turan”ın məlumatında qeyd olunur ki, müraciətdə F.Mehralızadə barəsində cinayət işinin obyektiv araşdırılması və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istənilib.
“Fərid Mehralızadə Azərbaycanın peşəkar gənc nəsil iqtisadçılarının önündə gedənlərdən biridir. Biz onun gələcəkdə aparıcı alimlərimizdən olacağına inanırıq. Onun iqtisadi, sosial, ali təhsil və digər mövzularda davamlı olaraq etdiyi təhlillər belə düşünməyə əsas verir. Bu araşdırmalar ölkəmizdəki iqtisadi mövzularda müzakirə mühitinə töhfə kimi qiymətləndirilə bilər”, - deyə müraciətdə qeyd edilir.
Sənədi Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Həsənov, müstəqil iqtisadçılar İnqilab Əhmədov, Elçin Rəşid, Azər Mehtiyev, Samir Əliyev, Rövşən Ağayev, Toğrul Vəliyev, Xətai Alıyev, Rəşad Həsənov imzalayıblar.
Fərid Mehralızadəni mayın 31-də işdən çıxarkən polis saxlayıb. Daha sonra onun evində axtarış aparılıb.
İyunun 1-də ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
Elə həmin gün “Abzas Media”nın müvəqqəti rəhbərliyi bəyanat yayaraq Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Ötən il noyabrından etibarən “Abzas Media”nın 6 əməkdaşı “Qaçaqmalçılıq”da ittiham edilərək həbs olunub. Bir neçə başqa şəxs də bu iş üzrə təqsirləndirilən şəxs kimi cəlb olunub və ya şahid qismində dindirilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.