2015-ci ildən etibarən korrupsiya ittihamı ilə həbs olunmuş onlarla məmur ya məhkəmə qərarları ilə, ya da əfv sərəncamı ilə azadlığa buraxılıb
Azərbaycanda korrupsiya və rüşvətə görə həbs olunan məmurların əksəriyyəti çox keçmədən azadlığa buraxılır.
Onların böyük hissəsi əvvəlcə həbs olunsalar da, sonradan ilkin istintaq dövrünü ev dustaqlığında keçirirlər. Bir çox hallarda məhkəmə qərarı ilə şərti həbs cəzasına məhkum edilirlər. Həbs cəzası alanlar isə sonradan əfv siyahısına düşür. Bəzən isə məsuliyyətdən ümumiyyətlə kənarda qalırlar.
Azərbaycanda korrupsiya cinayətlərinə görə yüksək vəzifəli məmurların həbsləri əsasən 2015-ci ildən başlayıb. İlk olaraq 2015-ci ilin sonlarında ovaxtkı Milli Təhlükəsizlik Xidmətinin (MTN), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri həbs edilib. Bu iş üzrə hər iki qurumun rəhbəri məsuliyyətə cəlb olunmayıb.
Beynəlxalq Transparency International təşkilatı 2023-cü ildə korrupsiyanın səviyyəsinə görə ölkələrin indeksini açıqlayıb. Bu siyahıda Azərbaycan ötən il olduğu kimi 180 ölkə arasında 154-cü yeri tutub.
Sonda məhkəmənin qərarı ilə bu işlər üzrə ağır hökmlər çıxarılsa da, məhkumlar həbsdə çox qalmayıblar.
Məsələn, “MTN işi” üzrə əsas cinayətkar kimi həbs olunmuş generallar Akif Çovdarov, Sübahir Qurbanov, Teymur Quliyev və digərləri sonradan prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıblar.
“Rabitə işi” üzrə təqsirləndirilən 11 keçmiş əməkdaş ümumilikdə 153 milyon manat pulu mənimsəməkdə ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin çıxardığı hökmə əsasən, onlardan 5 nəfər şərti həbs cəzası alaraq azadlığa buraxılıb. Digər bir neçə əməkdaş barəsində isə yuxarı instansiya məhkəmələri şərti cəza hökmü verib.
Bu iş üzrə əsas cinayətkar hesab olunan aparat rəhbəri Vidadi Zeynalov da 2019-cu ildə məhkəmənin qərarı ilə azadlığa çıxıb.
Prezidentin 2023-cü ildə imzaladığı əfv sərəncamı ilə keçmiş mədəniyyət nazirinin korrupsiya ittihamı ilə həbs edilən müavini Rafiq Bayramov və “MTN işi” üzrə həbs edilən Azər Mehdiyev və Zaur Məmmədov azadlığa buraxılıblar.
Son olaraq 2023-cü ildə korrupsiya, rüşvət və israfetmə yolu ilə dövlətə 27 milyon manat ziyan vurmaqda təqsirli bilinən keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbsə göndərilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq nazir 11 il şərti həbs cəzasına məhkum edilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) və Dövlət Gömrük Komitəsinin korrupsiya ittihamı ilə həbs olunub sonradan azadlığa buraxılan əməkdaşları da daxil olmaqla, onlarla belə vəzifəli şəxsi sadalamaq olar. Bəs Azərbaycanda korrupsiyaya görə həbs olunan məmurlar niyə sonradan azadlığa buraxılırlar?
“Həbs o zaman olur ki, məmurlar hansısa bir korrupsiya əməlində iştirak edirlər və hakim ailənin bundan xəbəri olmur”
Siyasi şərhçi Azər Qasımlı deyir ki, bu kimi hallar məsələnin əslində korrupsiya ilə mübarizə olmadığının göstəricidir.
“Həbs o zaman olur ki, məmurlar hansısa bir korrupsiya əməlində iştirak edirlər və hakim ailənin bundan xəbəri olmur. Çünki hər şey icazəli olmalıdır. Onlar da tutulanda hər şeyi boyunlarına alırlar. Hökumət oğurladıqları sərvətin böyük hissəsini həmin tutulanların əlindən alır, kiçik hissəsini də onlar üçün saxlayır və müəyyən dövr keçəndən sonra azad edir. Bu, digər məmurlara da bir görk olur”.
A.Qasımlı deyir ki, hökumət sonradan onlara təzim edənləri bağışlayır.
“Bu hökumətin bir xüsusiyyəti də var ki, “mən səhv etdim” deyib üzr istəyənləri, onların hakimiyyətini qəbul edənləri, qarşılarında baş əyənləri müəyyən müddət keçdikdən sonra bağışlayırlar. Mesaj da ötürürlər ki, düzgün yol budur, bizə boyun əyməlisiniz” – deyə o əlavə edir.
“Güclü klanlar zəif klana aid məmurları korrupsiya ittihamı ilə tutdurur və rəsmi soyğunçuluq baş verir»”.
“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, hökumət yerli və beynəlxalq ictimaiyyətin gözünə kül üfürməkdən ötrü zaman-zaman vəzifəli şəxsləri korrupsiya subyekti kimi həbs edir.
Onun fikrincə, bu həbslər klanlar arası toqquşmaların və mübarizənin nəticəsi kimi qiymətləndirilməlidir.
“Klanların da toqquşduğu əsas məsələ mal-mülk məsələsi olub. Güclü klanlar zəif klana aid məmurları korrupsiya ittihamı ilə tutdurur. Sonrakı mərhələdə məhkəmə yolu ilə malını-mülkünü və külli miqdarda pulunu alır. Daha həmin məmurun həbsdə qalması hakimiyyətin marağında olmur. İş burasındadır ki, ödənilən məbləğlər dövlət büdcəsinə yox, həmin güclü klanın “balansına” daxil olur”, - hüquq müdafiəçisi belə deyir.
4 aprel 2022-ci ildə prezident “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
R.Səfərov deyir ki, mövcud qanunlardan və imzalanan sərəncamlardan asılı olmayaraq, Azərbaycanda korrupsiyaya qarşı məqsədyönlü mübarizə yoxdur.
“Bu gün hökumətdə olan nazirlər, ayrı-ayrı komitə sədrləri uzun illərdir müxtəlif hesabatlarda korrupsioner kimi seçilirlər, amma yenə də iş başındadırlar. Necə olur ki, bu gün Bakı rayonlarının icra başçıları heç bir korrupsiyaya bulaşmırlar, ancaq hansısa əyalət rayonunun icra başçısı korrupsioner olur? Sadəcə hakimiyyətin daxilində güclü himayəsi olmayan məmurları qandallayıb korrupsioner kimi təqdim edirlər.
Biz müşahidə edirik ki, bu gün korrupsiyanı araşdıran, cəmiyyətin mühakiməsinə təqdim edən ictimai şəxslər, media mənsubları özləri təqibə məruz qalırlar. Məsələn, Abzas Media-nın əməkdaşları”, - deyə o vurğulayıb.
Məsələ ilə bağlı Baş Prokurorluğa sorğu ilə müraciət etsək də, suallarımız cavablandırılmayıb.