Vəkilin sözlərinə görə, istintaq orqanı həbs qətimkan tədbirinin seçilməsi üçün bircə sübut belə təqdim etməyib
İyunun 6-da iqtisadçı Fərid Mehralızadənin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.
“Abzas Media”ya bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.
Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin edilməyib.
"Bu gün Fərid Mehralızadə barəsində çıxarılmış həbs qətimkan tədbirilə bağlı qərardan verdiyimiz apellyasiya şikayətinə baxıldı. Gözlənildiyi kimi, qərar dəyişdirilmədən saxlanıldı. Biz sübutlarla çıxış etdik ki, həbsə heç bir əsas yoxdur. Təəssüflər olsun ki, məhkəmə nəzərə almadı. Növbəti mərhələdə biz həbsin ev dustaqlığı ilə əvəzlənməsi üçün müraciət edəcəyik", - deyə o bildirib.
Məhkəmədə Fərid Mehralızadə də çıxış edərək həbsi üçün heç bir əsasın olmadığını vurğulayıb:
"Anlaşılmazdır. Nəyə görə həbs olunduğumu bilmirəm. "Abzas Media" ilə heç bir əməkdaşlığım olmayıb. Həbsim tamamilə qanunsuzdur", - deyə Mehralızadə ilkin ittihamları rədd edib.
Fərid Mehralızadəni mayın 31-də işdən çıxarkən polis saxlayıb. Daha sonra onun evində axtarış aparılıb. Daxili İşlər Nazirliyi (DİN) isə iqtisadçının saxlanılmadığını, sadəcə idarəyə dəvət olunduğunu açıqlayıb.
İyunun 1-də ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
Elə həmin gün "Abzas Media"nın müvəqqəti rəhbərliyi bəyanat yayaraq Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını əsaslı hesab etsə, jurnalistləri 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Saxlanılan şəxslər isə ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, ittihamların götürülməsinə çağırırlar.