Jurnalist dövlət rəhbərliyində olan şəxslərlə bağlı korrupsiya araşdırmalarına görə həbs olunduğunu deyir
İyulun 9-da “Abzas Media işi” üzrə həbs olunmuş araşdırmaçı jurnalist Hafiz Babalının istintaq dövrü üçün həbs müddəti uzadılıb.
Bu barədə “Turan” jurnalistin vəkili Rəsul Cəfərova istinadən məlumat verib. Vəkil bildirib ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə Hafiz Babalının həbs müddəti 2 ay 7 gün uzadılıb.
“İclasda müdafiə tərəfi Babalının həbsdə saxlanılmasının əsassız olduğunu bildirdi və qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında əks vəsatət təqdim etdi, ancaq məhkəmə istintaq orqanının təqdimatını təmin etdi”, - deyə R.Cəfərov əlavə edib.
Vəkil bildirib ki, Hafiz Babalı məhkəmədə çıxış edərək ittihamları rədd edib.
“Ona qarşı qaldırılmış cinayət işini jurnalistika fəaliyyəti ilə əlaqələndirdi və məhkəmənin diqqətini səhhətindəki problemlərə çəkdi. Babalı gözdən üçüncü qrup əlildir. Bundan başqa, o, aşağı ətrafların venalarının varikoz genişlənməsindən əziyyət çəkir”, - deyə vəkil əlavə edib.
Rəsul Cəfərovun sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Araşdırmaçı jurnalist Hafiz Babalı bundan əvvəlki məhkəmə çıxışlarında da bildirib ki, dövlət rəhbərliyində olan şəxslərlə bağlı korrupsiya araşdırmalarına görə həbs olunub.
Maydan etibarən “Abzas Media işi” üzrə həbs edilmiş jurnalistlərin həbs müddətləri növbəti dəfə uzadılıb.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıb.