Azərbaycan Avropa İttifaqı ilə uzunmüddətli qaz sazişi imzalaya bilmədiyi üçün ittifaqı tənqid edib

Azərbaycan Avropa İttifaqı ilə uzunmüddətli qaz sazişi imzalaya bilmədiyi üçün ittifaqı tənqid edib Foto: president.az
22 İyul 2024
Mətni dəyiş

Metyu Brayza: Avropa İttifaqı maliyyələşdirməsə, Azərbaycan nəzərdə tutulan tələblərin yerinə yetirilməsi üçün kifayət qədər qaz hasil edə bilməyəcək

“Biz 3-6 aylıq qaz göndərməklə yanğınsöndürən rolunda ola bilmərik. Müqavilələr ona görə lazımdır ki, Xəzərin dərinliklərində qazma işlərinin maliyyələşdirilməsi üçün banklara müraciət edək”.

Bu sözləri Azərbaycanın Avropa İttifaqındakı (Aİ) səfiri Vaqif Sadıqov “Financial Times” nəşrinə ittifaqla rəsmi Bakı arasındakı enerji sövdələşmələrindən danışarkən deyib.

“Financial Times”da nəşr edilən məqalədə qeyd olunur ki, Azərbaycan uzunmüddətli qaz sazişləri ilə bağlı razılığa gələ bilmədiyi üçün Aİ-ni tənqid edir.

Məqalədə bildirilir ki, Azərbaycan ittifaq ölkələrindən yanacaq ixracını artırmağı xahiş etsə də, müsbət qarşılıq ala bilmir.

“Xəzər dənizində qaz hasilatını artırmaqdan ötrü tələb olunan maliyyəni əldə etməyimiz üçün uzun müddətli müqavilələr lazımdır. Qısamüddətli müqavilələr səbəbindən Bakı ittifaqın tələbatını ödəməyə lazım olan sərmayələri cəlb edə bilmir”, – Azərbaycanın Aİ-dəki səfiri Vaqif Sadıqov belə deyir.

2022-ci ildə Brüssel və Bakı Azərbaycanın Aİ-yə 2027-ci ilə qədər illik qaz ixracını 20 milyard kubmetrə çatdırmaq üçün saziş imzalayıb. Hazırda bu rəqəm 11,8 milyard kubmetrdir. Bu, Rusiyanın Ukrayna ərazilərində apardığı işğalçı müharibə dövrünə təsadüf edir və Avropa Rusiya qazından imtina etməyə çalışır.

Vaqif Sadıqov deyir ki, Avropa Komissiyası ilə nəzərdə tutulan hədəfə çatmağın yollarına dair müzakirələr getsə də, Aİ operatorları uzunmüddətli müqavilələrə isti yanaşmırlar.

“Aİ operatorlarının məqsədi blokun yanacaq istehlakını məhdudlaşdırmaq, 2050-ci ilə qədər təmiz istixana qazı emissiyalarına nail olmaqdır. Ona görə də, uzunmüddətli müqavilələr imzalamaqdan çəkinirlər”, –  deyə Vaqif Sadıqov əlavə edib.

Ukrayna ərazilərinin işğalından sonra Rusiya Avropanın Ukraynaya dəstəyinə cavab olaraq, ittifaq ölkələrinə qaz ixracını tədricən dayandırmağa başlayıb. Bundan sonra Kollektiv Qərb yeni qaz mənbələrinin axtarışına çıxıb. Ancaq ittifaq həm də hədəflədiyi iqlim məqsədlərinə sadiq qalıb.

Fevralda Aİ-yə istixana qazını 2040-cı ilə qədər 90 faiz azaltmaqla bağlı tövsiyələr təqdim olunub. Sənəddə qeyd olunub ki, 2021-ci illə müqayisədə 2040-cı ildə ənənəvi yanacaq istehlakı 80 faiz azaldılacaq. Yalnız ümumi həcmin 40 faizini təbii qaz təşkil edəcək.

Əsasən neft və qaz gəlirlərinə güvənən Azərbaycan bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) ev sahibliyi edəcək. Tükənən enerji resurslarından imtinaya gəlincə, Azərbaycan tərəfinin bu suallara cavab verməkdə maraqsız görünməsi bəzi diplomatlarda və danışıqlarda iştirak edən şəxslərdə narahatlıq yaradıb.

“Straife” məsləhət şirkətinin icraçı direktoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyir ki, 2027-ci ilə dair hədəflərə nail olması üçün Aİ-nin rəsmi Bakını maliyyələşdirməsi zəruridir, əks halda Azərbaycan qarşıda qoyulan hədəfə çatmaq üçün kifayət qədər qaz hasil edə bilməyəcək.

Ancaq o bildirir ki, Aİ uzunmüddətli alqı-satqı müqavilələrində tərəddüd edir, çünki bu maliyyələşdirməni etmək üçün gələcəkdə Avropada Azərbaycan qazının müştərilərinin olacağına əmin olmaq lazımdır.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Aİ ölkələrinə 6,4 milyard kubmetr qaz ixrac edib ki, bu da onun ümumi hasilatının dörddə birini təşkil edir. Son üç ildə Azərbaycan Aİ-yə qaz ixracını 12 faiz artırıb. İyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, bu il ölkəsinin Aİ-yə qaz ixracı 13 milyard kubmetrə çatacaq.

Məqalədə adı açıqlanmayan Aİ rəsmisi bildirib ki, Brüsselin Azərbaycanla böyük enerji sövdələşmələrinə getməsinə mane olan məsələlər var.

“2027-ci il hədəfinə çatmaq üçün Cənub Qaz Dəhlizində (CQD) boru kəmərləri də genişləndirilməlidir. Ancaq Brüssel layihəni maliyyələşdirə bilmir, çünki 2021-ci ildə onun qaydalarına Aİ büdcəsinin tükənən yanacaq infrastrukturuna xərclənməsinə mane olan dəyişikliklər edilib. Avropa İnvestisiya Bankının da oxşar məhdudiyyətləri var. Biz Azərbaycana çox maraqlı olan bazar təklif edirik, lakin onu maliyyələşdirə bilmirik”, – deyə Aİ rəsmisi bildirib.

Ukraynanın dövlət qaz nəqli şəbəkəsinin keçmiş baş direktoru Sergiy Makoqon deyir ki, Xəzər regionu Avropaya böyük həcmdə qaz verə bilər. Onun sözlərinə görə, Aİ investisiyaların asanlaşdırılmasına kömək etsə, bu, Aİ üçün qaz tədarükünün çevikliyini əhəmiyyətli dərəcədə artıracaq.

O əlavə edib ki, Türkiyə ərazisindən keçən və CQD-nin bir hissəsini təşkil edən “Tanap” boru kəmərinin səhmdarları da layihələrin icra edilməyəcəyindən qorxduqları üçün sərmayə qoymaq istəmirlər.

“Cənub Qaz Dəhlizi” şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) mümkün dəstəyinə güvənən investisiya planı üzərində işləyir. Lakin AYİB bildirib ki, maliyyələşdirilməsi üçün layihə 2015-ci ilin Paris iqlim sazişinin məqsədlərinə uyğun olmalıdır.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “Financial Times”ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə 2025-ci ildən etibarən qaz tədarükünü artırmaq üçün Brüssel və Aİ ölkələri ilə çoxsaylı müzakirələrdə iştirak edir.

Avropa Komissiyası isə mövzu ilə bağlı şərh verməkdən imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun