Tərəflər arasında budəfəki gərginlik növbədənkənar parlament seçkiləri ərəfəsinə təsadüf edir
Avropa Şurasının İşgəncələrə Qarşı Mübarizə Komitəsi (İQMK) Azərbaycanla bağlı açıq bəyanat yayıb.
Komitənin yaradılması haqqında Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin tətbiqinə əsasən verilən bəyanatda Azərbaycan hakimiyyətinin İQMK ilə davamlı əməkdaşlığının olmamasından bəhs edilir.
Açıq bəyanatla çıxış etmək üçün bu müstəsna qərarın səbəbi Azərbaycan hakimiyyətinin komitə ilə əməkdaşlıqdan qəti şəkildə imtina etməsidir.
Bəyanatda qeyd edilib ki, İQMK qurumun əsas məqsədini təşkil edən məsələləri həll etmək üçün Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoq aparmağa həqiqi cəhdlər göstərib.
İQMK öz səfərləri barədə hesabatlarında ətraflı şəkildə polis əməkdaşları tərəfindən ağır rəftar və hətta işgəncə faktları ilə bağlı iddialar aldığını bildirib.
Məruzəyə əsasən, təxmin olunan amansız rəftar/işgəncə növləri əsasən şillə, yumruq, təpik, həmçinin dəyənək və ya taxta çubuqlarla zərbələrdən ibarətdir.
Nümayəndə heyəti ayaq altına dəyənəklə vurulması ("falaqqa") haqqında da bir neçə iddia alıb. Bundan başqa, nümayəndə heyətinə butulka ilə zorlama təhdidi və elektroşok cihazlarından istifadə haqqında məlumatlar gəlib. Eyni zamanda, onlara saxlanılan şəxslərin qohumları ilə hesablaşma, o cümlədən cinayət təqibi təhdidi haqqında məlumat verilib.
Fiziki cəhətdən zorakı rəftar adətən sözlü təhqirlərlə də müşayiət olunub.
Bununla belə, Azərbaycan Daxili İşlər Nazirliyi komitənin bu cür təcrübələrə son qoyulması ilə bağlı çoxdankı tövsiyələrinin yerinə yetirilməsi üçün heç bir tədbir görməyib.
Bəyanatda həmçinin qeyd edilib ki, komitə prezidentlərinin Bakıda yüksək səviyyəli danışıqlar aparmaq yolu ilə dialoqu təşviq etmək və hətta Azərbaycan hakimiyyətinə səfər barədə xəbərdarlıqdan sonra da sorğularına heç bir cavab almayıb. Bəyanat müəlliflərinin fikrincə, bu, Konvensiyanın fundamental və misli görünməmiş pozulması deməkdir.
Komitənin yaydığı bəyanatda bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının saxladığı şəxslərlə pis rəftar və hətta işgəncə ilə bağlı məsələlərin ciddiliyini nəzərə alaraq, İQMK 2022-ci ildə Azərbaycana xüsusi səfərlə bağlı hesabatı ictimai bəyanata əlavə olaraq dərc etməyi qərara alıb.
Komitə əməkdaşlığın olmamasının Azərbaycan hakimiyyəti ilə münasibətlərin daimi pozulmasına gətirib çıxarmayacağına ümid etdiyini bildirib. İQMK Azərbaycanın Avropa Şurasının üzvü kimi qoşulduğu fundamental dəyərləri qorumaq üçün qətiyyətli addımlar atmağında hakimiyyəti dəstəkləməyə hazır olduğunu da vurğulayıb.
Bəyanatda bildirilib ki, komitə öz mandatına uyğun olaraq bu məqsədlə Azərbaycan hakimiyyəti ilə dialoq aparmağa tam sadiqdir.
Azərbaycan 2001-ci ildə Avropada insan haqlarının, demokratiyanın və qanunun aliliyinin qorunmasına məsul olan beynəlxalq təşkilata - Avropa Şurasına üzv olub. O vaxtdan etibarən Avropa Şurası məhkəməsi olan Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını və ya onun protokollarını 263 dəfə pozduğunu müəyyən edib. Bu pozuntuların 33-ü “işgəncə” və ya “qeyri-insani və ləyaqəti alçaldan rəftar” iddiaları ilə bağlı olub.
“Forbidden Stories” Konsorsiumunun bu ilin fevralında yayımladığı “Azərbaycanda işgəncə: Avropadan Bakı həbsxanalarına pul necə axır” adlı araşdırmasında qeyd olunurdu ki, İşgəncələrə Qarşı Mübarizə Komitəsi (İQMK) bir neçə həbsxanaya baş çəkdikdən sonra, 2017-ci il hesabatında həbsxanalarda çoxsaylı vəzifədən sui-istifadə halları, o cümlədən “sillə, yumruq, təpik, dəyənək, taxta çubuq, stulun ayağı, beyzbol dəyənəyi, su dolu plastik butulka və ya qalın kitabla zərbə” haqda məlumat verib. İQMK həmçinin işgəncənin daha ağır formalarını da qeyd edir. Məsələn, “dəyənəklə ayaqların altına zərbələr endirmək (çox vaxt insan tavandan asılmış vəziyyətdə olarkən) və elektrik şokunun verilməsi”.
Azərbaycana üç dəfə səfər etmiş keçmiş İQMK üzvü Corce Alempijeviçin sözlərinə görə, Azərbaycan həbsxanalarında işgəncə praktikası “bu yerə xas olan hal kimi endemik və davamlıdır”. “Tədqiqatlarımız bizi problemin həlli istiqamətində irəliləyiş olduğuna inandırmır”, - deyə o qeyd edib.
2020 və 2022-ci illərdə əlavə iki səfər olmasına baxmayaraq, İQMK nümayəndələrinin Azərbaycana səfərlərinə dair qeydləri yalnız 2018-ci ilə qədərki dövrü əhatə edir. Avropa Şurasından asılı olan Komitə Azərbaycanın razılığı olmadan öz hesabatlarını açıqlaya bilmir. “Hakimiyyət bizim hesabatlarımızın məzmununu bəyənmir... Onlar bu faktların ictimaiyyətə açıqlanmasını istəmirlər”, - deyə Alempijeviç bir qədər utanaraq deyir.
Avropa Şurasında qüvvədə olan qayda paradoksaldır: İQMK-nın müşahidə etdiyi hər kəs senzura qoymaq hüququna malikdir.
Konstantinos Estafios bildirib ki, proses “çox siyasiləşib, bu, humanitar yanaşmadan daha çox siyasi yanaşmadır”. O, ötən il yanvarın 24-də qəbul etdiyi qərarda qaydaların dəyişdirilməsi üçün çağırış edib (İşgəncələrin Qarşısının Alınması Komitəsinin direktoru müsahibə üçün müraciətlərimizi rədd edib).
Bundan əvvəl Azərbaycan 2024-cü il növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün AŞPA-nın nümayəndə heyətini dəvət etməkdən imtina edib. Bu, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin 1 il müddətinə dayandırılmasına gətirib çıxarıb. Lakin bu məsələ ilə bağlı səsvermədən əvvəl Azərbaycan nümayəndə heyəti özü AŞPA sessiyasını tərk etdiyini bildirib.