Ailəsi həbsdə olan inanclı fəalın ölüm aclığına başladığını bildirir

Ailəsi həbsdə olan inanclı fəalın ölüm aclığına başladığını bildirir
30 Aprel 2026
Mətni dəyiş

Həbsdə olan inanclı fəal Mənsur Vəlişovun saxlanıldığı yerin naməlum qalması fonunda onun ölüm aclığına başladığı iddia olunur. Ailəsi bir neçə gündür ondan xəbər ala bilmədiyini bildirir

Həbsdə olan inanclı fəal Mənsur Vəlişovun ölüm aclığına başladığı deyilir. Bu barədə onun həyat yoldaşı Aytac Vəlişova “Toplum TV”yə bildirib.

Vəlişovanın dediyinə görə, həyat yoldaşı aprelin 25-də saxlanıldığı Umbakı Penitensiar Kompleksindən Lənkəran rayonundakı həbsxanaya köçürülməli idi. Lakin həmin tarixdən etibarən ailəsi onunla əlaqə saxlaya bilmir.

“Mənsur demişdi ki, bazar ertəsinə qədər ondan xəbər çıxmasa, ölüm aclığına başlayacaq. Dəfələrlə Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə zəng etmişəm. Mənə deyirlər ki, onun hazırda harada saxlanıldığı barədə məlumat verə bilməzlər”, – deyə o bildirib.

Aytac Vəlişovanın sözlərinə görə, həyat yoldaşı daha əvvəl telefon danışığında özünə qarşı irəli sürülən ittihamların saxta olduğunu düşündüyünü bildirib və bu kimi tələblərlə aclıq aksiyasına başlamağı planlaşdırdığını deyib.

“O da digər məhbuslar kimi açıq havaya çıxmalı, ailəsi ilə görüş hüququndan istifadə etməlidir. Digərlərinə necə imkan verilirsə, ona da elə olmalıdır. Bizə isə cəmi altı aydan bir görüş verilirdi və o da qapalı şəraitdə olurdu. Övladım atasını rahat görə bilmirdi”, – deyə həyat yoldaşı əlavə edib.

Məsələ ilə bağlı aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.

Mənsur Vəlişov 2023-cü ilin mart ayında narkotik ittihamı ilə həbs edilib və 6 il azadlıqdan məhrum olunub. O, ittihamları qəbul etmir və onların saxta olduğunu bildirir.

Həmin dövrdə Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsi fonunda ölkədə çoxsaylı inanclı fəal saxlanılıb, onlardan bir qismi narkotik ittihamı ilə məhkum edilib.

Yerli insan hüquqları təşkilatlarının hesabatlarına əsasən, ölkədə siyasi məhbus hesab edilən 340 nəfərdən 192-si inanclı fəaldır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun