“Abzas Media” müstəqil nəşri qətiyyətli və sistemli şəkildə apardığı korrupsiya araşdırmalarına görə, 2024-cü il üzrə “Azad Media” mükafatına (“Free Media Awards”) layiq görülüb.
Norveç və Almaniyada fəaliyyət göstərən “The Fritt Ord Foundation” və “ZEIT Stiftung Bucerius” fondları tərəfindən verilən bu mükafat, əsasən, post-sovet məkanında təhdidlərə baxmayaraq, fəaliyyətinə davam edən müstəqil jurnalistlərə və media qurumlarına təqdim olunur.
Mükafat komitəsinin yaydığı press-relizdə qeyd edilib ki, 2016-cı ildə bir qrup gənc fəal və jurnalist tərəfindən yaradılan “Abzas Media” qısa zamanda sosial mediada geniş auditoriya toplayıb.
Sayt son dövrdə xüsusilə hökumətin yol verdiyi korrupsiya hallarına dair araşdırmaları ilə məşhurlaşıb, Qarabağda yenidənqurma işləri ilə bağlı dövlət satınalmalarına diqqət çəkib.
““Abzas Media” Azərbaycanda insan haqlarının pozuntusu hallarını ortaya çıxarır, eyni zamanda məhkəmə işləri, həssas qrupların mübarizələri və müxalifət haqqında reportajlar hazırlayarkən ardıcıl olaraq jurnalist prinsiplərinə sadiq qalır”, – deyə press-relizdə qeyd edilib.
Məlumatın davamında 2023-cü ildə Azərbaycan hökumətinin “Abzas Media”nın altı jurnalistini həbs edərək repressiyaya məruz qoyduğu, onlara qarşı “qaçaqmalçılıq” və “ölkəyə qeyri-qanuni yolla pul gətirmə” maddələri ilə ittiham irəli sürüldüyü vurğulanıb.
“Avqust ayında nəşrin həbsdə olan əməkdaşlarına qarşı daha 7 ittiham irəli sürülüb, indi onları 12 ilə qədər həbs gözləyir. “Abzas Media” ilə əməkdaşlıq edən şəxslər məhdudlaşdırıcı tədbirlərə məruz qalıb, araşdırmalarda iştirak edənlərdən bəzilərinə isə ölkəni tərk etmək qadağası qoyulub”, – deyə sənəddə qeyd edilib.
Press-relizdə vurğulanıb ki, 2023-cü ilin noyabrında “Forbidden Stories” Konsorsiumunda bir araya gələn 15 tanınmış media qurumu “Abzas Media”nın yarımçıq qalan araşdırmalarını davam etdirmək uğrunda birləşiblər.
2024-cü ilin fevralında həbsdə olan redaksiya heyəti azərbaycanlı araşdırmaçı jurnalist Leyla Mustafayevanı “Abzas Media”nın müvəqqəti baş redaktoru təyin edib. Bu qərardan sonra mühacirətdə olan jurnalistlərdən və “Abzas Media”dan ibarət yeni araşdırma qrupu platformanın fəaliyyətini Azərbaycandan kənarda davam etdirəcəyini açıqlayıb.
“Azad Media” mükafatının builki digər laureatları Ukraynanın “Bihus.Info” nəşri, gürcüstanlı jurnalist Nastasia Arabuli, belarusiyalı jurnalist Larisa Şirakova, rusiyalı jurnalist və redaktor Mixail Afanasyevdir. Macarıstandan bu mükafata ilk dəfə bu il jurnalist və redaktor Sabolç Panyi layiq görülüb.
Hər bir laureata verilən mükafat məbləği 15 min avro təşkil edir.
Mükafatlandırma mərasimi bu ilin sentyabrında Osloda yerləşən Nobel İnstitutunda təşkil olunacaq. Daha əvvəllər bu mükafata Azərbaycandan Rauf Mirqədirov, Natiq Cavadlı, Şahvələd Çobanoğlu, Zamin Hacı, Xədicə İsmayıl, Mehman Hüseynov, Seymur Həzi, Əziz Kərimov və Hafiz Babalı layiq görülüblər.
Bu, repressiyalardan sonra “Abzas Media”ya təqdim olunan sayca ikinci mükafatdır. Nəşr həm də 2024-cü ilin martında müstəqil jurnalistikaya və insan haqlarının müdafiəsinə verdiyi töhvələrə görə, “People In Need” Təşkilatının təsis etdiyi nüfuzlu “Homo Homini” Qlobal İnsan Haqları Mükafatına layiq görülüb.