İşçi hüquqlarının müdafiəçisi Afiəddin Məmmədov COP29 ərəfəsində baş verən kütləvi repressiyalar fonunda həbs olunub
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, ictimai fəal Afiəddin Məmmədovun məhkəməsində şahidlər dindirilir.
“Meydan TV”nin Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdən hazırladığı xəbərdə qeyd olunur ki, avqustun 27-də keçirilən iclasında şahid qismində Ramil Bayramov dindirilib.
İş materiallarında qeyd olunur ki, Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də Səfər Hüseynov adlı şəxslə mübahisə edib, ona bıçaqla xəsarət yetirib. Ramil Bayramovun da həmin vaxt hadisə yerində olduğu, bıçaqlanmanı gördüyü iddia edilir. Lakin Ramil Bayramov məhkəmədə ifadəsində bildirib ki, o, bıçaqlanma hadisəsinə şahid olmayıb:
“Həmin gün oradan keçəndə çoxsaylı adamların toplaşdığını gördüm, səs-küy var idi. Oradan da çıxıb getdim, kiminsə kimisə bıçaqladığını görmədim”.
Prokuror bildirib ki, Ramil Bayramovun məhkəmədə dediklərilə istintaqdakı ifadəsi arasında ziddiyyət var. Bu səbəbdən istintaqdakı ifadələri elan olunub. Həmin ifadədə göstərilib ki, o, Afiəddin Məmmədovun bıçaqla Səfər Hüseynovu vurduğunu, daha sonra bıçağı yaxınlıqdakı zibil qutusuna atdığını görüb. Ancaq şahid bu ifadəni təsdiqləməyib.
Vəkil vəsatət qaldırıb ki, şahidin istintaqdakı ifadəsi yox, məhkəmədə dedikləri əsas götürülsün.
Səbuhi Hüseynovun sədrlik etdiyi, Eldar İsmayılov və Cavid Hüseynovdan ibarət hakimlər kollegiyası bu vəsatəti baxılmamış saxlayıb.
Afiəddin Məmmədov bu il sentyabrın 20-də həbs olunub. O, tanımadığı şəxsə xuliqanlıq niyyətilə xəsarət yetirməkdə ittiham olunub. Barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Noyabrın 15-də həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Bu müddətdə təşkilatın digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar.
Hüquq müdafiə təşkilatları Afiəddin Məmmədovu və təşkilatın digər iki üzvünü siyasi məhbus hesab edir, onlara qarşı irəli sürülmüş ittihamları uydurma sayırlar və bildirirlər ki, fəalların həbsləri işçi hüquqlarını müdafiə etmələri ilə bağlıdır.