İmran Əliyevin həbs müddəti uzadılıb, Hafiz Babalı ev dustaqlığına buraxılmayıb

İmran Əliyevin həbs müddəti uzadılıb, Hafiz Babalı ev dustaqlığına buraxılmayıb
23 Avqust 2024
Mətni dəyiş

Avqustun 22-də Xətai rayon Məhkəməsi “meclis.info” platformasının rəhbəri İmran Əliyevin həbs müddətini daha 3 ay uzadıb.

Bu barədə İmran Əliyevin yaxınları məlumat verib.

Bildirilib ki, həbs müddətinin uzadılması istintaq orqanının müvafiq sorğularına cavabların gözlənilməsi ilə əsaslandırılıb. Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda vəsatət təmin edilib və İmran Əliyevin həbs müddəti noyabrın 27-nə qədər uzadılıb.

Həmçinin qeyd edilib ki, İmran Əliyevin vəkili qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırıb. Lakin məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməyib.

“Meclis.info” platformasının rəhbəri İmran Əliyev bu ilin aprel ayında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli ilə birlikdə "Abzas Media" işi üzrə həbs edilib. Sonradan onların işləri ayrıca icraata götürülüb. Hər iki şəxs xarici valyuta qaçaqmalçılığında ittiham olunur. Onlar ittihamları təkzib edir, həbslərinin fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.

Avqustun 22-də həm də “Abzas Media işi” üzrə həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalının ev dustaqlığına buraxılmasına dair verilən vəsatətə baxılıb.

Jurnalistin vəkili Rəşad Əliyev “Amerikanın Səsi”nə deyib ki, müdafiə tərəfi vəsatəti ibtidai istintaqın başa çatmaq üzrə olması və jurnalisti həbsdə saxlamağın mənasızlığı ilə əsaslandırıb.

Vəkil qeyd edib ki, Hafiz Babalının səhhətində ciddi problemlər var, o, gözdən əlildir. Bundan başqa, həbsdən sonra Babalının ayaqlarında venaların varikoz genişlənməsi xəstəliyi kəskinləşib.

Hafiz Babalı əvvəlki qaçaqmalçılıq ittihamı kimi yeni ağırlaşdırıcı ittihamları da təkzib edib, həbsini peşəkar jurnalist fəaliyyəti və korrupsiya faktlarını araşdırması ilə əlaqələndirib.

Babalı bildirib ki, onun "Abzas Media" ilə əlaqəsi müstəsna olaraq öz araşdırmalarının dərc edilməsi ilə bağlı olub.

Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini deyib.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Bu ilin avqustunda jurnalistlərə qarşı yeddi maddəlik yeni ittiham irəli sürülüb. Yeni ittihamla onların potensial həbs müddəti 8 ildən 12 ilə qədər artıb.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun